![]()
Avropa səhnəsində Liverpul kimi nəhəng rəqiblə qarşılaşmaq hər komanda üçün ciddi sınaqdır. Nəticə üzücü olsa da, bu oyun Qarabağ FK-nın qitə futbolundakı yerini və iddiasını bir daha nümayiş etdirdi. Ən əsası isə Azərbaycan çempionunun Çempionlar Liqasında pley-off mərhələsində yer alması futbol ictimaiyyətimiz üçün böyük sevinc və qürur mənbəyidir.
Qarabağ bu mövsüm də Avropada mübariz, xarakterli və inamlı oyun üslubunu qoruyub saxladı. Komanda sübut etdi ki, artıq yalnız iştirakçı deyil, hesablaşmalı rəqibdir. Meydanda sonadək mübarizə aparan “Qarabağ” futbolçuları azarkeşlərin ümidini doğrultdu və ölkə futbolunun adını yüksək səviyyədə təmsil etdi.
Bu uğur uzun illərin zəhmətinin, düzgün strategiyanın və sarsılmaz inamın nəticəsidir. Qarabağ FK pley-off mərhələsinə yüksəlməklə Azərbaycan futbol tarixində daha bir önəmli səhifə açdı.
Zəfərin mübarək, Qarabağ!
Yola davam, igidlər! Tanrı sizi qorusun. Bu yolun sonunda bizə daha çox sevinc yaşadacağınıza olan ümidlər sonsuzdur.
Rövşən Hüseynli
Subyekt.az