![]()
Kəlbəcər – Qar örtüyünə bürünmüş dağların qoynunda yerləşən bu qədim diyar bu gün təkcə təbiət gözəlliyi ilə deyil, eyni zamanda yenidən qayıdan həyatla diqqət çəkir. Yanvar ayında Kəlbəcərə etdiyimiz səfər bir daha sübut edir ki, illərlə həsrətində qaldığımız bu torpaqlarda dirçəliş artıq real həyatın özüdür.
Yolboyu açılan mənzərələr – sıldırım qayalar, ağ örpəyə bürünmüş dağ və dərələr Kəlbəcərin yeni səhifəsinin yazıldığını xəbər verir. Bu səhifə ümid, qayıdış və gələcək naminə atılan inamlı addımlarla doludur.
Dağlar qoynunda yenidən doğulan şəhər
Dağların sinəsində yenidən qurulan Kəlbəcər şəhəri artıq xarabalıqları ilə deyil, müasir infrastrukturu və yaşayış məkanları ilə tanınır. Təbiətlə ahəng təşkil edən yeni binalar, abad həyətlər və sosial obyektlər burada həyatın bərpa olunduğunu aydın şəkildə göstərir.
Şəhərdə inşa edilən 524 ailəlik yaşayış kompleksində dördmərtəbəli 6 bina tikilib. Bu binalarda iki, üç və dördotaqlı olmaqla hər birində 27 mənzil yerləşir. Bundan başqa, yaşayış kompleksində hər biri üçotaqlı olmaqla 39 townhouse tipli fərdi ev də sakinlərin istifadəsinə verilib. Bütün layihələr müasir yaşayış standartlarına uyğun şəkildə həyata keçirilib.
Həyətlərdə uşaq səsi, üzlərdə sevinc
Kompleksin həyətində həyatın yenidən bu torpaqlara qayıtdığı açıq-aydın hiss olunur. Uşaqların qarla oynayan gülüşü, pəncərələrdən boylanan gülərüz sakinlər, səmimi salamlaşmalar Kəlbəcərin artıq yaşadığını göstərir.
Burada məktəbdən qayıdan iki övladı ilə qarşılaşdığımız Telman Xudayarov bizi evinə dəvət edir. Onunla söhbət köçkünlük illərinin ağrı-acısını və bu gün doğma yurda qayıdışın sevincini özündə əks etdirir.
“Ağlaya-ağlaya getmişdik, toy-bayramla qayıtdıq”
32 ildən sonra Kəlbəcərə qayıdan Telman Xudayarov deyir ki, bu gün yaşadıqları sevinc sözlə ifadə olunacaq kimi deyil:
“1993-cü ilin aprelində ailəmizlə Kəlbəcəri çox ağır şəraitdə tərk etmişdik. O vaxt heç düşünmürdük ki, bir gün bura qayıdacağıq. Bu gün isə Ali Baş Komandanımızın qətiyyəti, şəhidlərimizin canı bahasına azad edilən Kəlbəcərdə yaşayırıq. Ağlaya-ağlaya getmişdik, indi toy-bayramla qayıtmışıq”.
Onun sözlərinə görə, valideynləri bu günü görə bilməsə də, övladları artıq Kəlbəcərdə böyüyür, burada təhsil alır və gələcək qurur. Dövlət tərəfindən mənzil və işlə təmin olunan ailə bu qayğıdan məmnunluqla danışır.
Keçmişlə gələcəyin qovuşduğu ünvan
Telman Xudayarov tez-tez uşaqlıq illərinin keçdiyi küçələri ziyarət etdiyini, xatirələrin onu kövrəltdiyini deyir. Lakin bu kövrəklik artıq kədərdən yox, qürur və minnətdarlıq hissindən doğur.
Bu gün Kəlbəcərə qayıdan hər bir ailə kimi, onun da ən böyük arzusu övladlarını bu torpağın gələcəyini quracaq nəsil kimi böyütməkdir.
Dirçələn Kəlbəcərin yeni hekayəsi
Artıq Kəlbəcər təkcə xatirələrdə yaşayan şəhər deyil. Burada tikilən hər bina, əkilən hər ağac, eşidilən hər uşaq gülüşü bu torpağın xoşbəxt gələcəyindən xəbər verir. Keçmişin ağrıları ilə gələcəyin ümidini birləşdirən Kəlbəcər bu gün dirçələn Azərbaycanın ən parlaq ünvanlarından birinə çevrilir.








Kəlbəcər
Tahir Ağaməmmədov, AZƏRTAC
Subyekt.az