![]()
Azərbaycan tarixinin otuz beş illik bir mərhələsini ulu öndər Heydər Əliyev dövrü adlandırmaq olar. İnsan ömrü ilə müqayisədə az görünsə də, aktiv ictimai-siyasi fəaliyyət üçün kifayət qədər böyük sayılan, hər günü bir ömrə bərabər olan 35 il ərzində ümummilli lider, ölkəmizin məsuliyyətini öz çiyinlərində daşımış, onu bir dövlət və xalqımızı bir millət kimi tarixin ağır və sərt sınaqlarından çıxarmış, müasir Azərbaycan adlandırdığımız müstəqil məmləkətin bugünkü həqiqətlərini, işıqlı sabahının etibarlı bünövrəsini yaratmışdır. Bu illər ərzində Azərbaycan xalqının ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatının bütün sahələrində baş vermiş dirçəliş onun adı ilə bağlıdır.
Bu gün ötən əsrin 70-ci illərini təhlil edərkən qətiyyətlə demək olur ki, Heydər Əliyev bu millətin qürur mənbəyi, qazandığımız bütün nailiyyətlərin səbəbkarı, uğurlu günlərimizin təməlini qoyan alternativsiz lider, millət atasıdır. Bugünkü müstəqil Azərbaycan və onun əldə etdiyi uğurlar isə Ümummilli Liderin fəaliyyətinin şah əsəridir. Danılmaz həqiqətdir ki, Vətənimiz, xalqımız, millətimiz, bütövlükdə isə bütün türk, müsəlman dünyası üçün Heydər Əliyev nadir şəxsiyyətlərdən olmuşdur. Ona görə də dahi şəxsiyyətin bir çıxışa, bir yazıya sığmayacaq qədər xidmətləri haqqında danışmaq, yazmaq qeyri-mümkündür. 1970-ci illərdə Moskvanın və oradakı anti-Azərbaycan qüvvələrin bütün ciddi maneələrinə rəğmən, ölkəmizdə strateji əhəmiyyətli obyektlərin inşasına nail olmasından tutmuş bütün sahələrdə yüksəkixtisaslı azərbaycanlı kadrların hazırlanması və strateji postlara yerləşdirilməsinədək kifayət qədər nümunələr göstərmək olar. İkinci Dünya müharibəsindən sonra fövqəlgücə çevrilərək dünyanın iki qütbündən birinə rəhbərlik edən Sovetlər İttifaqının inkişaf etdiyi dönəmdə onun gələcəyini şübhə altına alan və nə vaxtsa Azərbaycanın yenidən müstəqil dövlət olacağını anons edən bu addımların nə dərəcədə təhlükəli olduğunu anlamaq çətin deyil. Eyni dühanın və uzaqgörən siyasətin müstəqilliyimizin bərpasından sonra da bu prosesi davam etdirərək, Azərbaycanın müstəqilliyinin sığorta şəhadətnaməsi olan və onu müxtəlif səbəblərdən alovlanıb yanan ölkələrin arasında sülh, təhlükəsizlik və sabitlik adasına çevirən “Əsrin müqaviləsi”nin imzalanması kimi böyük gələcəyə hesablanmış bir çox addımları qeyd etmək olar.
Böyük və zəngin tariximizdə Manna dövlətinin başçısı İranzunu, Atropatena dövlətinin yaradıcısı Atropatı, Albaniya hökmdarı Cavanşiri, öz bacarığı, kamalı ilə müstəqil, güclü Azərbaycan Atabəylər dövlətini yaratmış Şəmsəddin Eldənizi, milli Azərbaycan Səfəvilər dövlətinin banisi I Şah İsmayıl Xətaini, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəylini, XX əsrin əvvəllərində, sovet hakimiyyətinin ilk illərində Azərbaycana rəhbərlik etmiş doktor Nəriman Nərimanovu və digərlərini ehtiramla xatırlayaraq mübaliğəsiz deyə bilərik ki, Heydər Əliyev xalqımızın bu ulu, nəhəng övladları içərisində öz möhtəşəmliyi ilə zirvədə dayanan nadir şəxsiyyətdir.
Ümummilli lider 1969-cu il iyulun 14-də hakimiyyət olimpində Azərbaycanı gözlənilməyən bir cəsarət və məharətlə idarə etməyə başladı, neçə illərin sükunətini pozdu və ölkəni hərəkətə gətirdi, milləti oyatdı, türk düşüncəsini silkələdi, ictimai əxlaqı tərpətdi. Həmin əlamətdar gün ərəfəsində bəzi oxuculara məlum olmayan maraqlı tarixi faktları qələmə alaraq həm o günlərə qısa bir ekskurs, həm də hər şeyin çox asanlıqla başa gəldiyini təsəvvür edən insanlara real həqiqətləri təqdim etmək çox vacibdir.
O dövrün şahidləri xatırlayırlar ki, 1969-cu ilin yayı illik normadan artıq isti idi, siyasi vəziyyət isə daha yüksək hərarət göstərirdi. SSRİ-də baş verən milli dirçəliş, geosiyasi vəziyyət və ideyaları təlatümə gətirən 1968-ci ilin məşhur Çexoslovakiya hadisələri Sovet rəhbərliyini daha ehtiyatlı addımlar atmağa vadar edirdi. Brejnev, Suslov, Çernenko kimi sovet ideoloqları üçün iqtisadi problemlər, hətta rüşvətxorluq, qohumbazlıq, təsərrüfatsızlıq kimi neqativ hallar millətçilik, azadfikirlilik, müstəqillik kimi təhlükəli fikirlərin yanında boş bir şey idi. Azərbaycanda Moskvanı qane edəcək bir qayda-qanun yaratmaq, milli maraqları qızışdıran qüvvələri neytrallaşdırmaq, millətçilik toxumlarını məhv etmək lazım idi. Belə bir mürəkkəb vəziyyətdə Baş katibə yaxın olan Semyon Sviqun və Yuri Andropov həlledici rol oynadılar. Onlar Brejnevi inandıra bildilər ki, təhlükəsizlik orqanı nümayəndəsinin rəhbərliyə gətirilməsi millətçiliyi boğmaq baxımından çox əlverişli seçim olardı. Məhz DTK-nın rəhbəri Heydər Əliyev zəif nöqtələri daha yaxşı bilir və tezliklə Azərbaycanda istədiyimiz qayda-qanunu yarada bilər.
SSRİ-də mövcud olan ənənəyə görə həmin dövrdə bir qayda olaraq, respublikalarda birinci katib vəzifəsinə Ali Sovetin Rəyasət Heyətinin sədri, Mərkəzi Komitənin digər katibi, müstəsna hallarda isə Nazirlər Sovetinin sədri təyin edilirdi. Ona görə də Əli Əmirov (MK-nın sənaye üzrə katibi), Məmməd İsgəndərov (Ali Sovetin Rəyasət Heyətinin sədri) və Ənvər Əlixanov (Nazirlər Sovetinin sədri) arasında açıq və gizli mübarizə gedir, Vəli Axundovla hesablaşmaq istəməyən bu insanlar hakimiyyətdə anarxiyanın dərinləşməsinə bir az da rəvac verirdilər. Nəhayət, iyulun 13-də Moskvadan Sov.İKP MK katibi İ.V.Kapitonov Bakıya təşrif buyurdu və 1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumu keçirildi.
İ.V.Kapitonov plenum üzvlərinin Heydər Əliyevi yaxşı tanıdıqlarını nəzərə alaraq onun haqqında Mərkəzi Komitənin fikrini çatdıraraq deyir: “Heydər Əliyev yoldaş əməli fəaliyyətində özünü yetkin siyasi savadlı işçi kimi göstərmişdir. Sov.İKP Mərkəzi Komitəsində də biz onu belə qiymətləndiririk, Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin bürosunda da sizin yoldaşlar belə qiymətləndirirlər. O, yaxşı təşkilatçıdır, adamlarla işləməyi bacarır, bununla yanaşı, özünə və başqalarına qarşı tələbkardır”.
Ötən əsrin 70-ci illərini təhlil edərkən qətiyyətlə demək olur ki, Heydər Əliyev bu millətin qürur mənbəyi, qazandığımız bütün nailiyyətlərin səbəbkarı, uğurlu günlərimizin təməlini qoyan alternativsiz lider, millət atasıdır. Bugünkü müstəqil Azərbaycan və onun əldə etdiyi uğurlar isə Ümummilli Liderin fəaliyyətinin şah əsəridir. Danılmaz həqiqətdir ki, Vətənimiz, xalqımız, millətimiz, bütövlükdə isə bütün türk, müsəlman dünyası üçün Heydər Əliyev nadir şəxsiyyətlərdən olmuşdur.
Vəli Axundov plenumda Heydər Əliyev haqqında deyir: “Heydər Əliyevə xas olan bütün siyasi və iş keyfiyyətləri söyləməyə imkan verir ki, o, respublikaya layiqincə rəhbərlik edəcək, böyük və çətin işin öhdəsindən bacarıqla gələcək. O, kifayət qədər savadlı, hərtərəfli hazırlıqlı, yüksək intellektə malikdir. O, bütün kadrlara qarşı eyni dərəcədə düzgün mövqedədir, çünki kifayət qədər obyektiv, vicdanlı və layiqli insandır. Dzerjinski demişdi ki, çekistin isti ürəyi, aydın zəkası, təmiz əli olmalıdır. Bütün bu keyfiyyətlər Heydər Əliyevdə vardır və mən əminəm ki, ölkəyə başçılıq edərkən o, bu cəhətlərindən istifadə edərək respublikanın tarixi adət-ənənələrini layiqincə davam etdirəcəkdir”.
Plenum yekdilliklə Heydər Əliyevə səs verir və o, AKP MK-nın Birinci katibi vəzifəsinə seçilir. Plenumda çıxış edən Heydər Əliyev bildirir ki, o, tam məsuliyyətlə qarşıda duran çətin və mürəkkəb vəzifələri anlayır və öz əməli işində bunların həlli üçün əlindən gələni əsirgəməyəcək: “Mən bütün büro üzvlərinin köməyinə ümid edirəm və hesab edirəm ki, birgə, mehriban əməkdaşlığımız gələcək uğurlarımıza zəmin yaradacaqdır”.
Ancaq bəziləri, necə deyərlər, “qırmızı xalça sərib” Heydər Əliyevi gözləmirdilər. Həmin dövrdə onunla bir yerdə işləmiş, sonralar mənim həmkarım olmuş Lidiya Rəsulova danışırdı ki, Heydər Əliyevin Azərbaycanda rəhbər vəzifəyə gəlməsi istər Moskvada, istərsə də Bakıda birmənalı qarşılanmamışdı. Kremlin ən yüksək dairələrində Yuri Andropovla Semyon Sviqundan başqa, demək olar ki, heç kəsin tanımadığı Heydər Əliyevin radikal addımları, sərt manevrləri, kəskin çıxışları, onlarla məsləhətləşmədən apardığı kadr islahatları çoxunu qıcıqlandırırdı. Ən çox qıcıq yaradan isə “Moskvanın adamlarına” qarşı aparılan sistemli tədbirlər idi. “Kremlin sevimlisi” Ənvər Əlixanov, respublikaya rəhbər olmağına “5 dəqiqə qalmış” “səxavətli” Məmməd İsgəndərov və başqaları Heydər Əliyevi bu işdə təcrübəsiz hesab edərək onunla hesablaşmaq istəmir, Moskvadakı “arxalarına” güvənərək açıq-aşkar saymazlıq edirdilər.
30 yaşından rəhbər vəzifələrdə işləyən, 3 dəfə Lenin ordeni almış, Bakı Şəhər Partiya Komitəsinin birinci katibi, Mərkəzi Komitənin katibi, Nazirlər Sovetinin sədri kimi yüksək postlarda möhkəmlənən Məmməd İsgəndərov həmin dövrdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri idi. Moskvadan aldığı “toxunulmazlıq” hüququndan sui-istifadə edərək bir qədər yumşaq xarakterli, ziyalı Vəli Axundovun liberallığı müqabilində istədiyini edir, heç kəslə hesablaşmırdı. O dövrün şahidlərinin söhbətlərindən məlum olur ki, “Mamed Abduloviçin” nəinki özü, hətta ailə üzvləri də ölkədə “at oynadır”, sorğu-sualsız “padşahlıq” edirdilər.
Bu şəxslə bağlı maraqlı söhbətlərdən birini BDU-nun kafedra müdiri, professor Məmmədəli Zeynalov danışmışdı. 1960-cı illərdə maarif nazirinin (Mehdi Mehdizadənin) birinci müavini işləyən Məmmədəli müəllimə hökumət telefonu ilə şəxsən Mamed Abduloviç özü zəng edir:
– Sənin nazirinə söz deyiləsi deyil (cəmiyyətdə böyük nüfuzu olan ağırxasiyyətli Mehdi Mehdizadə heç kəsin, o cümlədən Məmməd İsgəndərovun da sözünü “eşitməzdi”), sən də heç ona deməyəsən, bunu şəxsən sənə tapşırıram, səhər sənin yanına bizim bir yerlimizi göndərəcəyəm, onu filan rayona maarif müdiri göndər getsin, qalan məsələlərlə işin yoxdur, mən yuxarıyla razılaşdırmışam, – deyib telefonu asır.
Məmmədəli müəllim danışırdı ki, Mamed Abduloviç o qədər qəliz adam idi ki, fikirdən səhərəcən yata bilmədim, Mehdi müəllimə deməmiş bu işi necə görə bilərdim, bu yandan da bunun ultimatiumlu zəngi. Dedim ki, ay Allah, bu işi birtəhər yoluna qoy, Mamed Abduloviç mənim başıma oyun açacaq. Elə bil Allah səsimi eşitdi, səhər həmin adam gələndə şəxsi işini vərəqləyib gördüm ki, bunun heç ali təhsili də yoxdur. Tələsik İsgəndərova zəng etdim:
– Mamed Abduloviç, bu adamın ali təhsili yoxdur, onu belə vəzifəyə təyin etmək olmaz!
Telefonda onun istehzalı qəhqəhəsini eşitdim:
– A kişi, sənin başının üstündəkinin ali təhsili var ki, sən bundan ali təhsil tələb edirsən? Bu boyda ölkəni diplomsuz idarə etmək olur, bir balaca rayonun təhsilini idarə etməyə diplom lazımdır? – qışqırıb telefonu asdı.
Donub qaldım, əvvəl elə bildim Mehdi müəllimi deyir, yadıma düşdü ki, Mehdi Mehdizadə elmlər doktoru, professordur, yox, bunu demir, çevrilib arxada başımın üstünə baxdım, ölkə rəhbəri Nikita Xruşovun şəkli var idi. Demə, gözü ayağının altını görməyən Mamed Abduloviç SSRİ-nin birinci adamı Xruşovu da bəyənmir, işini aşırmaq üçün onu pis bir nümunə kimi göstərir…
Heydər Əliyev çox qısa müddətdə nəinki bu “ipə-sapa yatmayan” “Moskvanın adamını” yerinə oturda bildi, hətta 1969-cu ilin dekabrında onu vəzifəsindən azad etdi…
1951-ci ildən yüksək vəzifələrdə sürətlə irəliləyən, Azərdənizneft birliyinin rəisi, Azərneft birliyi rəisinin birinci müavini, Azərbaycan SSR Neft Sənayesi nazirinin birinci müavini, neft sənayesi naziri, Azərbaycan KP MK katibi, 1961-ci ildən Azərbaycan SSR Nazirlər Sovetinin sədri olan Ənvər Əlixanov ölkədə heç kəslə hesablaşmırdı. Vəli Axundovun çağırdığı iclaslara hamıdan axırda gəlib şəstlə yuxarı başa keçən, üz-gözünü turşudub heç “birinciyə” də salam verməyən “Ənvər Nəzəroviç” Heydər Əliyevin keçirdiyi ilk büro iclasına da hamı yerinə oturandan 5 dəqiqə sonra daxil olurmuş.
Heydər Əliyev onu qapının ağzında sorğu-suala tutub ki, həmişəki kimi keçib yerinə oturmağa macal tapmasın: “Ənvər Nəzəroviç, büroya və mənə hörmət etmirsiniz, yaxşı, bəs bu camaata niyə belə hörmətsizlik?” “Qonaqlarım var idi” – deyib sivişmək istəyən Ənvər Əlixanovu Heydər Əliyevin sərt səsi və kəskin baxışları qıpqırmızı qızardıb: “Siz həmişə belə edirsiniz, bu, birinci dəfə deyil, ancaq axırıncı dəfədir” – deyərək yumruğunu stola çırpıb. O dövrün ən yüksək fəxri adı – “Lenin mükafatı” laureatı olan nadir adamlardan biri, iki dəfə “Lenin” ordeni, bir dəfə “Qırmızı Əmək Bayrağı” ordeninə layiq görülmüş “odda yanmaz, suda batmaz”, “Moskvanın ən etibarlı kadrı” Ənvər Nəzəroviç bu münasibəti həzm edə bilməsə də, bir müddət sonra – 1970-ci il aprelin 10-da Nazirlər Kabinetinin sədri vəzifəsindən azad edildi…
Daha bir maraqlı əhvalatı 1970-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, 1980-ci illərdə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsində çalışan general Ziya Yusifzadə danışırdı. Büro iclaslarının birində Heydər Əliyev MK katiblərindən ikisini bərk tənbeh edir. Vəzifələrinin öhdəsindən gəlməyən katibləri ayaq üstdə saxlayıb danlayan Birinci katibə ikinci katib camaatın yanında iradını bildirir: “Heydər Əliyeviç, axı bunlar MK-nın katibləridirlər, bağça uşaqları deyillər, bu qədər danlamaq olmaz! Kifayət edər!”. Heydər Əliyev dönüb ikinci katib Sergey Kozlova tərs-tərs baxır, ancaq heç nə demir. Belə cəsarətə yalnız Moskvanın canişini funksiyasını yerinə yetirən, Azərbaycanda hamıya və hər kəsə nəzarət üçün göndərilmiş adam ürək edə bilərdi. Heydər Əliyev də onun hansı fitnəkarlıqlara və təxribatlara qadir olduğunu yaxşı bilirdi. Kozlov isə “burada əsas adam mənəm” fikrini oturanlara çatdırmaq üçün bu fürsəti qaçırmaq istəmirdi. “Çətin vəziyyətlərin ustası” qısa çıxışdan sonra iclası bağlı elan edir, Sergey Kozlovla isə bu barədə heç nə danışmır… Bir müddət sonra Kozlov Azərbaycanı tərk edir.
Statistik hesabatlardan məlumdur ki, cəmi iki il ərzində, 1971-ci ilin yayına kimi ölkədə ali qurumlardan rayon rəhbərlərinə kimi vəzifədə olan kadrların təxminən 50 faizi dəyişdirilmişdi. Ətalətlə işləməyə vərdiş etmiş, özlərini rəhbər olduğu müəssisədə, yaxud regionda “kiçik padşah” kimi aparan vəzifə sahiblərini kütləvi şəkildə işdən çıxarmağın ikinci ağrılı tərəfi var idi: “Onların yerinə kim və hansı prinsiplə təyin olunmalıydı?”. Təcrübəli, öz işinin hər mənada ustası olan kadrlar səriştəsi olmayan, ancaq gənc, enerjili, ölkə başçısı ilə ayaqlaşmaq iqtidarında olan yeni və perspektivli adamlarla əvəz olunmalı idi. Burada Heydər Əliyevin qarşısında çətin vəziyyət yaranmışdı-bir tərəfdən köhnə kadrların Moskvadakı havadarları ona mane olur, digər tərəfdən kimlərsə təyin etdiyi kadrları müxtəlif adlarla ləkələyərək ictimai rəyi dəyişdirməyə çalışırdılar. Çoxsaylı əleyhdarların ən çox yaydığı şayiə kadrların təyin olunmasında guya regionçuluğun əsas meyar kimi götürülməsi idi.
Ancaq o dövrdə Heydər Əliyevlə işləmiş insanlar təsdiq edirlər ki, onun üçün əsas göstərici iş keyfiyyətləri, məsuliyyət, vicdan və təmiz ad idi. Bununla bağlı söhbət düşərkən o vaxtlar Kirovabad (Gəncə) şəhərinin rəhbəri işləmiş Həsən Həsənov bir dəfə mənə böyük bir siyahı göstərdi: “Bax, Misir müəllim, mən gürcüstanlı, təşkilat-partiya işi şöbəsinin müdiri (o zamanlar əsas şöbə idi) Ramiz Məmmədzadə və mədəniyyət şöbəsinin müdiri Azad Şərifov bakılı, Xarici əlaqələr şöbəsinin müdiri Əhməd Cəbrayılov zaqatalalı, maşınqayırma şöbəsinin müdiri (sonralar Nazirlər Sovetinin sədri) Həsən Seyidov marneulili, elm və təhsil müəssisələri şöbəsinin müdiri Fikrət Əhmədov naxçıvanlı, işlər müdiri Balabəy Mirzəcanov qusarlı, ümumi şöbənin müdiri Yuri Kirsanov Altıağac molokanlarından, neft və kimya şöbəsinin müdiri Firudin Əliyev tovuzlu idi.
Baxın, Nəsimi Rayon Partiya Komitəsinin katibi Müslüm Məmmədov Lahıcdan, Əzizbəyov rayonunun katibi Niyazi Nəcəfov Şamaxıdan, Lenin rayonunda Şakir Kərimov Qarabağdan idi. Heydər Əliyev üçün adamların anadan olduğu yer əhəmiyyətli deyildi, o, kadrlarda professionallıq və prinsipiallıq, təvazökarlıq və intellekt, mədəni səviyyə və işinə sədaqət axtarırdı”.
Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, sovet qaydalarına görə beynəlmiləlçilik, yəni başqa millətlərin nümayəndələrinin vəzifələrdə yerləşdirilməsi prinsipi əsas olsa da, Heydər Əliyev milli məsələdə çox qətiyyətli idi. Ona qədər rayon rəhbərləri, yaxud rayonların aparıcı kadrları sırasında digər xalqları təmsil edənlər kifayət qədər olsa da, onun hakimiyyəti illərində bu məsələdə xalqımızın xeyrinə böyük islahatlar aparıldı.
O dövrdə baş verən olaylar haqda daha yaxşı təsəvvür əldə etmək üçün ulu öndərin 1999-cu ilin sentyabrında “Azadlıq” radiosunun rus redaksiyasına verdiyi müsahibədən bir hissəyə nəzər salaq:
“…1969-cu ildə mən Azərbaycan Kommunist Partiyasının birinci katibi olduqdan bir ay sonra cəmiyyətimizdəki bütün əyriliklər, çatışmazlıqlarla bağlı açıq məruzə ilə çıxış etdim: bizdə korrupsiya, rüşvət var, vəzifəli şəxslər imtiyazlardan sui-istifadə edirlər, bərabərhüquqluluq prinsipi pozulur. Kommunist ideologiyasının təbliğ olunan prinsiplərinin əksinə, reallıqda hər şey tərsinə idi. Bunun daşıyıcıları isə sadə insanlar deyil, vəzifəli şəxslər, kommunist rəhbərlər, nazirlər və başqaları idi.
Mən birinci 20 gündə belə metod tətbiq elədim. Məni şəxsən tanımırdılar. Fotolarım heç yerdə yox idi. Taksiyə oturub baxırdım ki, sürücü necə xidmət göstərir. Görürdüm ki, pis işləyir, onu saxladırdım. Və ya gəlirdim mağazaya: “Ət neçəyədir?”, “Birinci növ haradadır?”, “İkinci, üçüncü növ hanı?” soruşurdum. Görürdüm, bütün əti birinci növ kimi satırlar.
Anbara düşürdüm, görürdüm ki, ət buradadır, amma satmırlar. Ət defisit idi, amma bu əti piştaxtanın altından satırdılar. Beləliklə, 20 gün ərzində mən 40 nəfəri şəxsən tutdum.
Ola bilsin, metoda bir qədər də özbaşınalıq kimi baxıla bilər. Amma nə etməli idim? Mən milisə, prokurorluğa tapşırırdım – “hər şey qaydasındadır, hər şey normaldır” cavabı verirdilər. Ancaq axı xalq narazılıq edirdi. Bu narazılığı mən hələ DTK-da işləyəndə, öz ətrafımdakıların məlumatlarından bilirdim.
O zaman, hətta mənim fotoşəkillərimi çap edib bütün taksi sürücülərinə, mağazalara, anbar rəhbərlərinə paylamışdılar. Mənə “Mixaylo” ləqəbini vermişdilər… “Mixaylo şəhərdədir” deyirdilər. Bir müddət sonra hamı məni artıq tanıdı. Amma bu mərhələdə bu metod mənə kömək etdi”.
Heydər Əliyev bu vaxta qədər İttifaq miqyasında, demək olar ki, adı çəkilməyən bir ölkəni SSRİ-nin ən qabaqcıl respublikasına çevirdi; on ildən artıq müddətdə ulu öndərin Azərbaycanın iqtisadi, mədəni, mənəvi yüksəlişi üçün gördüyü işləri o zaman SSRİ respublikalarından heç birinin rəhbəri görməmişdi… Heydər Əliyev artıq müəyyən taktiki məqsədlərlə Moskvanın gözlərini qamaşdıraraq mənsub olduğu millət üçün çox böyük işlər görür, strateji planları həyata keçirirdi. Həmin planlardan birincisi isə xalqın özünü özünə tanıtdırmaq, onun normal etnokulturoloji həyatını bərpa etmək idi…
Onun 1969-cu ilin noyabrında Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) 50 illik yubileyində Azərbaycan dilində çıxış etməsi, gözlənilmədən müxtəlif müəssisələrə gedib zəhmətkeşlərlə tez-tez görüşməsi, bacarıqlı milli kadrları respublikanın idarə olunmasına cəlb etməsi, ölkənin ictimai-siyasi həyatında xüsusi xidmətləri olan insanların əməyini vaxtında və layiqincə qiymətləndirməsi və digər yeni yanaşmaları dərin ehtiramla xatırlanır.
Respublikanın müxtəlif rayonlarında dünya mədəniyyətindən, demək olar ki, təcrid edilmiş şəkildə yaşayan, lakin zəhmətkeş, istedadlı olanların Azərbaycanın mərkəzi ilə əlaqələrinin genişlənməsində də Heydər Əliyevin mühüm xidmətləri olmuşdur, məhz bu görkəmli şəxsiyyətin, böyük dövlət xadiminin uzaqgörən siyasəti nəticəsində Bakı “beynəlmiləl” şəhərdən milli şəhərə çevrildi.
Ölkədə milli özünüdərkin əsasını qoyan, Sovetlər dönəmində, hələ 1978-ci il Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan SSR-in dövlət dili Azərbaycan dilidir” müddəasını daxil etdirən, ölkəmizi düşdüyü ağır vəziyyətdən çıxaran Heydər Əliyevin timsalında tarixdə şəxsiyyətin rolu özünün ən bariz ifadəsini tapmış oldu. Heydər Əliyevin Azərbaycanın siyasi səhnəsinin birinci şəxsi kimi fəaliyyətə başlaması və onun ölkə həyatına gətirdiyi əzəmətli inkişaf meyilləri dahi şəxsiyyətlərin tarixin gedişində həlledici rol oynadıqlarını sübuta yetirmək üçün ən dəyərli nümunələrdən sayıla bilər. Bu nümunə həm də ona görə xüsusi çəkiyə malikdir ki, ulu öndər özünün siyasi taleyində sözügedən sosioloji qanunauyğunluğu iki dəfə sübuta yetirib. Azərbaycan tarixinin Heydər Əliyevin aktiv siyasi fəaliyyəti dövrünə təsadüf edən iki böhranlı mərhələsində xalqın, ölkənin xilası və inkişafının əsasının qoyulması bilavasitə onun möhtəşəm tarixi xidməti kimi qəbul edilir.
Onun təşəbbüsü ilə Azərbaycanın görkəmli şəxsiyyətlərinə abidələr, heykəllər ucaldıldı. Bu gün Bakını bəzəyən Nəriman Nərimanova, İmadəddin Nəsimiyə, Şah İsmayıl Xətaiyə, Molla Pənah Vaqifə, Hüseyn Cavidə, Cəfər Cabbarlıya və digərlərinə qoyulmuş möhtəşəm heykəl və abidələr ulu öndərin yadigarlarıdır. XX əsrin 70-ci illərindən etibarən Azərbaycanın siyasi həyatı və bütünlükdə cəmiyyətimiz onun titanik səyləri sayəsində yeni impuls və inkişaf parametrləri kəsb edərək özünün müasir inkişaf mərhələsinə qədəm qoydu. O zamandan başlayan böyük tarixi mərhələdə Heydər Əliyev ideyaları həyatımızın gerçəkliyi, inkişafımızın təməl daşı olaraq qalmaqdadır.
Heydər Əliyevin müəyyənləşdirdiyi müqəddəs yol elə bir yoldur ki, o, həm davamlıdır, həm xalqımızın yeganə ümid və istinadgah mənbəyidir, həm də ölkəmizi yeni uğurlara aparır. Bu uğur magistralında bizə ulu öndərin layiqli siyasi davamçısı – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev kimi vətənpərvər, qətiyyətli, peşəkar, yeni dünya siyasətinin incəliklərinə dərindən bələd olan, islahatçı və çevik, praqmatik və cəsarətli lider ləyaqətlə rəhbərlik edir. Heydər Əliyev siyasi irsini bütün sahələrdə uğurla davam etdirən dövlət başçısı müasir qloballaşma dövrünün yeni geosiyasi reallıqlarından irəli gələn mənzərənin əsas çağırışlarına cavab verən siyasət yürüdür və bu siyasətin mahiyyətində insan hüquqları prioritet təşkil edir. Ulu öndərin müqəddəs vəsiyyətlərini şərəflə həyata keçirərək 30 il davam edən işğala son qoyan, ölkəmizin ərazi bütövlüyünü bərpa edən qəhrəman ordunun Müzəffər Ali Baş Komandanının bu ikili standartlar dünyasında nümayiş etdirdiyi müdriklik və cəsarət, qətiyyət və sarsılmaz iradə şəxsi keyfiyyətlər, genetik amillərlə bərabər həm də Heydər Əliyev məktəbində qazanılan biliklərin real həyatda tətbiqi hesab edilməlidir.
Heydər Əliyevin müəyyənləşdirdiyi müqəddəs yol elə bir yoldur ki, o, həm davamlıdır, həm xalqımızın yeganə ümid və istinadgah mənbəyidir, həm də ölkəmizi yeni uğurlara aparır. Bu uğur magistralında bizə Ulu Öndərin layiqli siyasi davamçısı – Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev kimi vətənpərvər, qətiyyətli, peşəkar, yeni dünya siyasətinin incəliklərinə dərindən bələd olan, islahatçı və çevik, praqmatik və cəsarətli lider ləyaqətlə rəhbərlik edir.
Cəmi 44 gün davam edən müharibədə doğma torpaqlar uğrunda hər cür fədakarlığa və qəhrəmanlığa hazır olan, dünya hərb tarixinə yeni səhifələr yazan Silahlı Qüvvələrimizin rəşadəti, qələbəmizin əsasına çevrilən ümumxalq birliyimiz cənab İlham Əliyevin liderlik keyfiyyətləri, zəkası, siyasi iradəsi və uzaqgörənliyi, ümumilikdə, rasional davranış modeli sayəsində mümkün oldu. Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ərazi bütövlüyünü bərpa etdi və qalib xalq kimi özünü dünyaya ləyaqətlə təqdim edə bildi. Dövlətimizin başçısının qeyd etdiyi kimi, biz Birinci Qarabağ müharibəsindəki məğlubiyyətlə barışmadıq, güc topladıq, bütün qüvvələri səfərbər etdik, ölkə iqtisadiyyatını qaldırdıq, ordumuzu gücləndirdik, dünyada ölkəmizin nüfuzunu yüksəltdik və öz tarixi missiyamızı şərəflə yerinə yetirdik. Biz düşməni torpaqlarımızdan qovduq və ədaləti, beynəlxalq hüququ bərpa etdik. Biz milli ləyaqətimizi bərpa etdik. Bu gün Azərbaycan xalqı müzəffər xalq kimi, ölkəmiz qalib dövlət kimi yaşayır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada nümunə göstəriləcək bir inkişaf modeli formalaşmışdır – bu, modern Azərbaycan dövləti modelidir. Ölkə başçımızın rəhbərliyi ilə həyata keçirilən böyük layihələr, Qarabağda və Şərqi Zəngəzurda aparılan quruculuq və abadlıq ölkəmizin gələcəyinin daha parlaq olacağını tam əminliklə deməyə əsas verir. Çünki Prezident İlham Əliyev Ulu öndərin məktəbinin yetirməsi, qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi Liderdir. Prezident İlham Əliyev həm də praqmatik siyasətçidir, hadisələri, prosesləri dəqiq qiymətləndirir, mühüm məsələlərin elmi cəhətdən əsaslandırılmış həlli yollarını təqdim edir, verdiyi bütün vədləri vaxtında gerçəkləşdirir.
Bu gün Azərbaycanın qazandığı bütün uğurlar Heydər Əliyev irsindən qaynaqlanır. Ölkəmizin əldə etdiyi hər bir nailiyyət Heydər Əliyev missiyasının davamıdır. Bu missiya davam edir və Azərbaycanı inkişafa, tərəqqiyə, intibaha, parlaq gələcəyə aparır.
Misir MƏRDANOV,
AMEA Riyaziyyat və Mexanika
İnstitutunun direktoru,
AMEA-nın müxbir üzvü,
fizika-riyaziyyat elmləri doktoru, professor.
Subyekt.az