![]()
Son iki gün ərzində Facebook sosial şəbəkə hesabımın statistikasına nəzər saldıqda maraqlı və düşündürücü mənzərə ortaya çıxır. Paylaşımları 113–115 min arası izləyicinin ziyarət etməsi və aktiv izləməsi bir daha göstərir ki, sosial şəbəkələr artıq bir çox hallarda qəzet və televiziya kanallarına olan marağı üstələyir.
Müasir dövrdə informasiya istehlakı sürətlə dəyişir. İnsanlar günün xəbərlərini, maraqlandıqları mövzuları və cəmiyyət üçün aktual olan məsələləri ənənəvi media vasitələrindən daha çox sosial platformalarda axtarır, tapır və izləyir. Operativlik, əlçatanlıq və interaktivlik sosial şəbəkələri əsas informasiya mənbəyinə çevirən başlıca amillərdəndir.
Bu gün sosial media təkcə əyləncə və ünsiyyət vasitəsi deyil, eyni zamanda ictimai rəyin formalaşdığı, xəbərlərin yayıldığı və müzakirə olunduğu geniş bir informasiya məkanına çevrilib. Bir paylaşım qısa zaman ərzində minlərlə, hətta yüz minlərlə insana çata bilir ki, bu da klassik media üçün hər zaman mümkün olmur.
Statistik göstəricilər bir reallığı açıq şəkildə ortaya qoyur: informasiya dövrünün mərkəzində artıq sosial şəbəkələr dayanır. Bu isə media mühitində yeni yanaşmaların, yeni düşüncə tərzinin formalaşmasını zəruri edir.

Xeyirli və uğurlu olsun!
Rövşən Hüseynli
Subyekt.az