![]()
Bu gün Kəlbəcərdə yeni otel istifadəyə verilib. Bir neçə gün əvvəl isə Kəlbəcərdə yeni layihə — “Kəlbəcər Siti” yaşayış kompleksinin tikintisi ilə bağlı məlumat paylaşmışdıq. Bildirmişdik ki, bu layihə çərçivəsində vətəndaşların Kəlbəcərdə inşa ediləcək binalarda mənzil əldə etməsi mümkün olacaq.
Təəssüf hissi ilə qeyd etməliyəm ki, bu paylaşımlara yazılan rəylər heç də ürəkaçan deyil. Axı biz 27 il işğal altında qalan yurdlarımızı bir gün ziyarət edəcəyimizə ümidlə baxırdıq. Ermənilərin viran qoyduqları Kəlbəcərlə bağlı paylaşdıqları videoları göz yaşları və ürək ağrısı ilə izləyirdik. Bəs bizə nə oldu, əziz yurddaşlar?
Bu gün Kəlbəcərdə abadlanan hər qarış torpaq sevinc və qürur mənbəyi olmalıdır. Bu işlər alqışlanmalı, dəstəklənməlidir. Artıq 5 ildir ki, Kəlbəcərə gedib-gəlirik — yol əziyyəti çəkirik, gecələməyə yer tapmaqda çətinlik yaşayırıq, yanımıza qonaq aparmağa belə xəcalət çəkirik. Görülən işlərə kölgə salmaq əvəzinə, gəlin sağlam düşünək.
Kəlbəcərdə otellər, restoranlar, mağazalar və digər iaşə obyektləri tikiləcək. Şəxsən mənim üçün bu obyektləri kimlərin tikməsi önəmli deyil. Mənim üçün əsas olan budur ki, biz Kəlbəcərdəyik və bu gün Kəlbəcərin abadlıq və quruculuq işlərini aparanlar bizim vətəndaşlarımız, öz soydaşlarımızdır. Sahibkarlara şəffaf şərait yaradılır. Kiminsə istəyi varsa, müraciət edib bu layihələrdə iştirak edə bilər.
Buradan hər bir soydaşıma, xüsusilə kəlbəcərlilərə müraciət edirəm: gəlin neqativ düşüncələrimizi 1993-cü ildə işğal olunmuş Kəlbəcərdə qoyaq. Bu gün isə şəhidlərimizin qanı bahasına azad edilən yurdlarımıza yeni düşüncələrlə, paxıllıqdan uzaq, barış və sevgi ilə dönək.
Abad olan bu torpaqlarda bizim övladlarımız və gələcək nəsillərimiz yaşayacaq. Onlara xatir yaşayacağımız yurdun təməlini kin və nifrətlə deyil, birlik və sağlam düşüncə ilə quraq. Abad Kəlbəcərdə dostluq, qardaşlıq və barış içində, könül dolusu yaşamağı Allah hər birimizə nəsib etsin.
Bu sevinci bizə yaşadan başda Ali Baş Komandan olmaqla, xalqımızın milli birliyinə, şəhidlərimizə, qazilərimizə və igid əsgər-zabitlərimizə borcluyuq. Allah bu birliyi pozmaq istəyənlərə fürsət verməsin.

Rövşən Hüseynli
Kəlbəcər
Subyekt.az