![]()
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının tabor və bölüklərində, habelə qərargah və atıcı tağımında çavuş və gizir heyəti üzrə hərbi xidmətə qəbulla bağlı müsabiqə elan edilir.
Subyekt.az xəbər verir ki, Müsabiqədə iştirak etmək üçün çavuş və gizir heyəti üzrə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin tələblərinə cavab verən, azı tam orta təhsilli, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmamış, fiziki cəhətdən sağlam, ikili vətəndaşlığı olmayan, digər dövlətlər qarşısında öhdəlikləri olmayan, 40 yaşadək hərbi vəzifəli Azərbaycan Respublikası vətəndaşları dekabrın 16-dan 26-dək müraciət edə bilərlər.
Mühafizə Alayında həqiqi hərbi xidmətə qəbul olunmaq istəyən şəxslərin sağlamlıq vəziyyəti Nazirliyin Tibb Baş İdarəsinin Hərbi-həkim komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”yə uyğun olaraq, fiziki hazırlığı isə Komissiya tərəfindən Azərbaycan Respublikası ədliyyə nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qulluğa qəbul edilən şəxslərin fiziki hazırlığının yoxlanılması Qaydaları”na əsasən yoxlanılacaqdır.
Ərizələr tələb olunan sənədlərlə (şəxsiyyəti təsdiq edən sənədin əsli və surəti, hərbi biletin əsli və surəti, tərcümeyi-hal, təhsil haqqında dövlət sənədinin əsli) birlikdə Mühafizə Alayının Bakı şəhəri, Nizami rayonu, 8-ci köndələn ünvanında yerləşən inzibati binasında fəaliyyət göstərən müsabiqə komissiyasına təqdim edilə bilər.
Qanunvericiliyin tələblərinə uyğun olaraq aparılan yoxlamaların nəticələrinə əsasən hərbi xidmətə qəbulu mümkün hesab edilən namizədlərlə müsahibə keçiriləcək və müsabiqədə uğur qazanan namizədlərin təyinat məsələsinə baxılacaqdır.
Maraqlanan şəxslər müsabiqənin keçirilməsi ilə bağlı əlavə məlumatı (012) 514-90-06 və (012) 514-90-24 telefon nömrələri vasitəsilə əldə edə bilərlər.

Subyekt.az