![]()
Xaçmaz rayonunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Suveren dövlət, vətənpərvər gənclik” şüarı ilə Səyyar Gənclər Xidməti layihəsi həyata keçirilib.
Gənclər Fondunun dəstəyi ilə ölkənin müxtəlif şəhər və rayonlarında, ucqar kəndlərində reallaşdırılan layihənin əsas məqsədi Ali Baş Komandanın rəhbərliyi altında qazanılmış tarixi Qələbənin əhəmiyyətini, dövlət müstəqilliyimizin dəyərini və suverenliyimizin bərpasının məzmununu gənclərə daha geniş şəkildə təqdim etməkdir. Layihə gənclərin Vətənə bağlılıq, dövlətçilik prinsiplərinə sədaqət və milli-mənəvi dəyərlərə hörmət ruhunda formalaşmasına töhfə verməklə yanaşı, dövlət gənclər siyasəti çərçivəsində mövcud imkanların və yeni təşəbbüslərin region gəncləri üçün daha əlçatan və faydalı olmasını hədəfləyir.
Səyyar Gənclər Xidmətinin Xaçmazdakı açılış mərasiminin rəsmi hissəsi Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Anar Oruclu və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev çıxış edərək layihənin gənclərə yeni biliklər qazandırması ilə yanaşı, həm də onların dövlətçilik dəyərlərinə sadiq, öz potensialını kəşf edən və sosial mühitdə daha güclü gənc kimi formalaşmağa şərait yaratdığını bildiriblər.
Təşkil olunan layihənin zəngin proqramı çərçivəsində Müdafiə Nazirliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası, eləcə də Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları gənclərlə müxtəlif istiqamətlər üzrə maarifləndirici görüşlər keçiriblər. Bununla yanaşı, təşkil edilən müxtəlif sessiyalarda gənclər peşə seçimi və karyera yolları, şəxsi inkişaf və motivasiya, könüllülüyün əhəmiyyəti, süni intellekt texnologiyalarının yaratdığı imkanlar, sağlam və təhlükəsiz həyat tərzi barədə faydalı biliklər əldə ediblər.
Layihə çərçivəsində yaradılmış “Vətənpərvər gənclik”, “Yaradıcı gənclik”, “Suveren gənclər”, “Rəqəmsal düşüncə”, “Təhsil və karyera” və “Əyləncə” adlı xüsusi zonalar isə iştirakçılara yaradıcılıqlarını nümayiş etdirmək, intellektual potensiallarını artırmaq və bacarıqlarını inkişaf etdirmək üçün geniş şərait yaradıb. Həmin zonalarda gənclər interaktiv təlimlər, intellektual yarışlar, sərgilər və master-klaslarda fəal iştirak ediblər. Komanda işinə yönəlmiş yarışlar, stolüstü oyunlar və digər əyləncəli tədbirlər isə gənclərin həm asudə vaxtlarını səmərəli dəyərləndirməsinə, həm də yeni dostluqlar quraraq ünsiyyət bacarıqlarını möhkəmləndirməsinə imkan yaradıb. Xüsusi fəallığı ilə seçilən gənclər hədiyyələrlə təltif olunublar.
Qeyd edək ki, “Səyyar Gənclər Xidməti” layihəsi Gənclər Fondunun dəstəyi, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə tərəfdaşlığı ilə həyata keçirilir.

.

.
.

.

.

Subyekt.az