![]()
VAQİF SƏLİMOV – YADDAŞA SİLİNMƏYƏN İZ QOYAN ŞAİR
Bu gün – 15 noyabr – gözəl insan, duyğuların və sözün saf daşıyıcısı olan Vaqif Səlimovun doğum günüdür. Onu tanıyanların qəlbində bir insanın yox, bütöv bir poeziya nəfəsinin anıldığı gündür. Zaman keçdikcə insanlar dəyişir, həyat öz axarı ilə irəliləyir, lakin böyük söz adamlarının ruhu, yaradıcılığı və yaşam fəlsəfəsi unudulmur. Vaqif Səlimov da yaddaşlarda məhz belə yaşayır — səsi susan, amma sözü yaşayan şair kimi.
Bu gün biz onu yalnız xatırlamırıq — ehtiramla yad edirik, ruhuna dualar göndəririk. Çünki Vaqif Səlimov poeziyamıza təkcə misralar deyil, insanlıq, vicdan və yaddaş haqqında dərin mənalı düşüncələr bəxş edib. Onun şeirlərindəki səmimiyyət, həyatın faniliyi ilə insanlığın əbədiyyətə bağlılığı arasındakı zərif körpünü hər kəs hiss edə bilir.
Şairin misralarında deyildiyi kimi:
“Çoxların yaddaşdan silir bu illər;
Ondan bir xatirə – soyuq daş qalır…
İnsan var – gedəndə evdə bilirlər,
İnsan var – dünyada yeri boş qalır…”
Bu misralar təkcə poetik fikrin ifadəsi deyil – insanın ömrü boyunca qazandığı mənəvi yükün qiymətidir. Vaqif Səlimov üçün “ömür” anlayışı yalnız yaşanan illərin toplamı deyildi; o, ömrü insanın kimliyi ilə, qoyduğu izlə, yaddaşda yaşamaqla ölçürdü. Onun sözləri bu gün də insanın dəyərini nəyin müəyyən etdiyini xatırladır:
“Heç kəs bu dünyadan heç yana getmir,
Sonuncu yaddaşdan silinməyincə!..”
Bu sətirlər zamanın hökmünə, faniliyin qaçılmazlığına, amma yaddaşın gücünə yazılmış ən təsirli poetik mesajlardan biridir.
Vaqif Hüseynoğlunun ona həsr etdiyi misralar isə bu yaddaşın nədən ibarət olduğunu daha da aydınlaşdırır:
“Dünyaya gələndə kim olursan ol –
Çalış ki, dünyadan İNSAN gedəsən!”
Bu gün Vaqif Səlimovun anım günü yalnız bir şairin xatırlanması deyil; insanlıq, xatirə və söz qarşısında bir məqam, bir sayğı duruşudur. Onun ailəsinə, yaxınlarına səbir diləyir, ruhuna rəhmət oxuyuruq. Müşfiqabad qəsəbəsində Kəlbəcər məzarlığında, məzarını ziyarət etdik. Ruhu şad olsun!

Zaman ötür, illər keçir, amma dünyadan insan kimi gedənlərin yeri heç vaxt boş qalmır.
Rövşən Hüseynli
Subyekt.az