![]()
3 iyun 2025-ci il tarixində Biləsuvar Rayon İcra Hakimiyyətinin, Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun, Şirvan Salyan Regional Təhsil İdarəsinin Biləsuvar rayonu üzrə təhsil sektorunun, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Cənub Regional Mərkəzinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “İnsan hüquqları aylığı”na həsr olunmuş “Gənclik və hüquq” mövzusunda tədbir keçirildi.
Tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ziya Qurbanov, Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun müdiri Azad Quliyev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov və ümumtəhsil məktəblərinin şagirdləri iştirak etdilər.
Tədbirdə Biləsuvar rayonu üzrə gənclər və idman sektorunun müdiri Azad Quliyev açılış nitqi ilə çıxış edərək Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış və 1995-ci il noyabrın 12-də qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasının dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolu oynadığını vurğulayıb. Qeyd edib ki, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində qələbəmizin 5-ci ildönümü ilə əlaqədar ölkəmizin tarixi nailiyyətlərini, Konstitusiyamızın qüdrətini və tam suverenliyimizin bərpasını vurğulayan əlamətdar hadisədir. Bu qərar müstəqil Azərbaycanın gücünü və inkişafını bir daha nümayiş etdirməklə yanaşı, xalqımızın birliyinin, həmrəyliyinin ifadəsidir.
Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ziya Qurbanov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov qeyd ediblər ki, insan hüquq və azadlıqlarının müdafiəsi və təşviqi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci il 18 iyun tarixində təsdiq olunmuş ilk “İnsan Hüquqlarının Müdafiəsinə dair Dövlət Proqramı” bu sahədə strateji fəaliyyətin əsasını qoyub. Bu mühüm sənədə əsaslanaraq, Prezident cənab İlham Əliyevin 2007-ci il tarixli Sərəncamı ilə 18 iyun ölkəmizdə rəsmi olaraq İnsan Hüquqları Günü kimi təsis edilib və həmin tarix hər il qeyd olunur. Ombudsman tərəfindən bu əlamətdar gün ərəfəsində ənənəvi olaraq 18 may – 18 iyun tarixləri “İnsan Hüquqları Aylığı” elan olunur. Aylıq çərçivəsində hüquq və azadlıqların təbliği, ictimaiyyətin hüquqi biliklərinin artırılması, insan hüquqları sahəsində mövcud çağırışların müzakirəsi həyata keçirilir.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirilib, tədbirdə 40 nəfər gənc iştirak edib.

.

.

.

Subyekt.az