![]()
“Laçın Sammiti, təkcə Azərbaycan üçün deyil, bütövlükdə Türk və İslam dünyası üçün önəmli hadisədir”
“Çox güman ki, üç ölkə arasında daha sıx müdafiə mexanizmlərinin qurulmasının və təşkilatlanmanın şahid olacağıq”
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Azərbaycan, Türkiyə və Pakistan liderlərinin Laçın zirvə görüşünü mühüm tarixi hadisə kimi dəyərləndirib: “ Azərbaycan Respublikasının Müstəqillik Günündə işğaldan azad olunmuş Laçın şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və Pakistan İslam Respublikasının Baş naziri cənab Məhəmməd Şahbaz Şərifin iştairakı ilə baş tutan Zirvə görüşü diplomatik əhəmiyyətli hadisə olmaqla bərabər, həm də strateji və real əməkdaşlıq birliyinin təntənəli nümayişi idi”.
Deputat qeyd edib ki, Zirvə görüşünün Laçın kimi simvolik ərazidə və “Laçın” Beynəlxalq Hava Limanının açılışı ilə eyni vaxta keçirilməsi təsadüfi deyildi: “Bu hər şeydən əvvəl Azərbaycanın ərazi bütövlüyünün birdəfəlik həll olunduğunu və heç vaxt mübahisə mövzusu olmadığının mesajı idi. Laçın, həm də gələcəkdə mühüm regional ticarət və kommunikasiya qovşağında yerləşməklə əhəmiyyətli yerdir. Məhz bu səbəbdən konfransın məkanı strateji baxımdan uğurlu seçim kimi də təqdirəlayiq idi. İkinci dəfə baş tutan və geosiyasi baxımdan güclü mesaj olan bu görüş son illərdə inkişaf edən üçtərəfli münasibətlərin institusional xarakter alması istiqamətində daha bir addım oldu”.
Millət vəkili bildirib ki, Azərbaycan, Türkiyə və Pakistan arasında dərinləşən strateji əməkdaşlıq, xüsusilə Laçında keçirilən üçtərəfli görüş bölgədə kollektiv müdafiə və siyasi həmrəyliyə əsaslanan yeni geosiyasi ittifaqın formalaşmaqda olduğunu göstərir: “Çox güman ki, yaxın gələcəkdə biz üç ölkə arasında daha sıx müdafiə mexanizmlərinin qurulmasının və təşkilatlanmanın şahid olacağıq. Bu halda ölkələrimizin təhlükəsizlik arxitekturası daha da möhkəmlənəcək və bölgədə kollektiv müdafiə sisteminin əsasları formalaşacaq. Çünki, bu ittifaqın əsasında yalnız dövlətlərarası münasibətlər deyil, xalqlar arasında mövcud olan sarsılmaz qardaşlıq və qarşılıqlı inam dayanır. Azərbaycan, Türkiyə və Pakistan xalqları arasında dövlət sərhədlərini aşan tarixi, mədəni və mənəvi bağlar sarsılmaz və möhkəm olmaqla qarşılıqlı dəstəyə əsaslanır”.
Komitə sədri Laçın sammitinin bölgənin gələcəyi baxımından strateji addım olduğunu vurğulayıb: “Bu görüş təkcə Azərbaycan üçün deyil, bütövlükdə Türk və İslam dünyası üçün siyasi, diplomatik və təhlükəsizlik baxımından önəmli hadisədir. Azərbaycan-Türkiyə- Pakistan üçtərəfli formatının təşkilatlanması və daha da inkişaf etdirilməsi, təkcə Cənubi Qafqazın deyil, daha böyük coğrafiyanın sabitlik, əməkdaşlıq və birgə təhlükəsizlik mexanizmlərinin qurulmasına yeni impuls verməklə ciddi faydalar gətirəcək”.
Milli Məclisin komitə sədri Fazil Mustafa:
Subyekt.az