![]()
Mayın 30-da spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası keçirilib.
İclası açan Milli Məclisin sədri diqqətə çatdırıb ki, bildiyiniz kimi, iki gün öncə, Azərbaycanın Müstəqillik Günündə Laçın Beynəlxalq Hava Limanının açılışı oldu. Açılışda Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev və Türkiyə Cümhuriyyətinin Prezidenti möhtərəm cənab Rəcəb Tayyib Ərdoğan iştirak etdilər. Spiker xatırladıb ki, Laçın Beynəlxalq Hava Limanı işğaldan azad edilmiş ərazilərdə inşa edilmiş üçüncü beynəlxalq hava limanıdır.
Milli Məclisin sədri bildirib ki, strateji əhəmiyyət daşıyan bir ərazidə hava limanının açılması ərazi bütövlüyünü və suverenliyini təmin etmiş Azərbaycanın yeni milli hədəflərə doğru inamla irəlilədiyini göstərən son dərəcə önəmli hadisədir. Hava limanının açılışında qardaş Türkiyə Cümhuriyyəti rəhbərinin iştirakı Azərbaycan və Türkiyəni bir-birinə bağlayan strateji müttəfiqlik əlaqələrinin sarsılmazlığını bir daha nümayiş etdirdi.
Spiker qeyd edib ki, Müstəqillik Günündə Laçında Azərbaycan-Türkiyə-Pakistan Zirvə görüşü də keçirildi. Bu görüş ortaq dəyərləri bölüşən üç dost və qardaş ölkənin strateji birliyinin yeni bir təzahürü oldu. İnamla söyləmək olar ki, Zirvə görüşündə qəbul edilmiş qərarlar dost və qardaş ölkələrin ən müxtəlif sahələrdə əməkdaşlığında yeni mərhələ açacaqdır.
Milli Məclisin sədri vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin siyasi kursunu yeni çağırışlara uyğun davam etdirən dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikası müstəqillik yollarında bundan sonra da inamla addımlayacaq və yeni böyük uğurlara imza atacaqdır.

.

.

.

Subyekt.az