![]()
Xalqımızın ulu öndəri Heydər Əliyevin müqəddəs adı və möhtəşəm fəaliyyəti Azərbaycanın müstəqil dövlətçilik tarixinə qızıl hərflərlə həkk olunmuşdur. Azərbaycan tarixinin ən qüdrətli dövlət xadimi, xalqımızın dünya siyasətinə bəxş etdiyi fenomen şəxsiyyət – ümummilli lider Heydər Əliyevin unudulmaz xatirəsi bütün zamanlarda xüsusi minnətdarlıq və ehtiramla yad edilir. Özünün mənalı və şərəfli ömrünü Azərbaycan dövlətinə, doğma xalqına xidmətə həsr etməklə əbədiyaşarlıq rəmzinə çevrilən dünyamiqyaslı nəhəng siyasətçi qədirbilən xalqımızın yaddaşında daim xilaskar və qurucu lider kimi qalacaq.
Ötən əsrin 60-cı illərindən başlamaqla ölkəmizin 30 ildən artıq dövrünü əhatə edən ən yeni tarixi dahi Heydər Əliyevin adı, müdrik dövlətçilik siyasəti ilə bağlı olmuşdur. Bu müddət ərzində ulu öndər tərəfindən həyata keçirilən möhtəşəm dövlətçilik tədbirlərinin nəticəsidir ki, azərbaycançılıq ideyası ətrafında birləşməklə, siyasi və iqtisadi müstəqilliyə nail olan xalqımız demokratik və hüquqi bir dövlətdə, ümumbəşəri dəyərlərə əsaslanan vətəndaş cəmiyyətində layiqli yaşamaq imkanı əldə etmişdir.
Müxtəlif siyasi quruluşların mövcudluğu şəraitində Azərbaycana rəhbərlik etmiş Heydər Əliyev şəxsiyyətinin böyüklüyü ondan ibarətdir ki, o, Sovetlər dönəmində ölkəmizin gələcək müstəqilliyinin möhkəm iqtisadi əsaslarını yaratmaqla xalqımızı öz suverenliyi uğrunda mübarizəyə hazırlamağı bacarmışdır.
Heydər Əliyev Azərbaycanın ən mürəkkəb və taleyüklü dövrlərində müstəqilliyə yenicə qədəm qoymuş dövlətə rəhbərlik missiyasını öz üzərinə götürüb, demokratik və hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi tədbirlər nəticəsində xalqımızın müstəqillik, azadlıq kimi ideyalarını tam reallaşdırıb, uzaqgörən siyasi qərarları, möhtəşəm dövlətçilik fəaliyyəti ilə özünə qədər Azərbaycana rəhbərlik etmiş bir çox siyasi xadimin edə bilmədiyini gerçəkləşdirmişdir.
Azərbaycan Respublikasının müstəqilliyinin ilk illərində iqtisadi tənəzzülün güclənməsi, siyasi böhranın dərinləşməsi və vətəndaş qarşıdurması nəticəsində ölkə parçalanma həddinə çatmış, qanunçuluq, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində acınacaqlı vəziyyət yaranmışdır. 1993-cü ilin iyununda, mürəkkəb siyasi şəraitdə xalqın səsinə səs verərək hakimiyyətə qayıdan Heydər Əliyev respublikanı milli müstəqilliyin itirilməsi təhlükəsindən qurtarmış, çağdaş tariximizə dövlətçiliyimizin xilaskarı, qurucusu kimi düşmüşdür.
Ümummilli liderin rəhbərliyi dövründə Azərbaycanda məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi, bu kontekstdə insan və vətəndaş hüquq və azadlıqlarının maksimum dərəcədə müdafiəsi üçün çevik mexanizmlərin yaradılması, habelə qanunların aliliyinin təmin olunması həyata keçirilən mütərəqqi islahatların mühüm istiqamətini təşkil etmişdir.
Dövlət quruculuğu prosesində bütün məsələlərə xüsusi diqqətlə yanaşaraq, hər bir strukturun fəaliyyətinə böyük diqqət göstərən ümummilli liderin milli prokurorluq orqanlarının inkişafında müstəsna rolu olmuşdur. Heydər Əliyev hakimiyyətə gədlikdən sonra hüquq islahatlarının aparılması, məhkəmə, prokurorluq, vəkillik , insan hüquq və azadlıqları ilə əlaqədar köklü dəyişikliklər edilmişdir.
Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində islahatlar prosesi ilk milli Konstitusiyamızın qəbul edilməsi və Hüquqi İslahat Komissiyasının yaradılması ilə başlasa da, hələ buna qədər də bəzi mühüm addımlar atılmışdı. Belə ki, yenicə müstəqilliyinə qovuşmuş dövlətimizin təhlükəsizliyinin təmin edilməsi, xalqımızın, dövlətimizin və dövlətçiliyimizin maraqlarına qarşı yaranan ciddi təhdidlərin qarşısının alınması üçün cinayətkarlıqla mübarizə tədbirləri genişləndirilməkdə idi. Heydər Əliyev tərəfindən ölkədə cinayətkarlığın bütün təzahülərinə, o cümlədən korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi sahəsində konkret tədbirlər görülməsini nəzərdə tutan “Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında” 1994-cü il 9 avqust tarixli 181 nömrəli Fərmanın qəbul edilməsi və onun icrası nəticəsində ölkədə hüquq və ədalətin təntənəsinin bərpa edilməsi, əhalinin təhlükəsizliyinin təmin edilməsi, onların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində mühüm irəliləyişlərə nail olunmuşdur.
Eyni zamanda, ölkədə hüquqi islahatların aparılmasına mövcud qanunvericilik bazasının humanizm prinsipləri əsasında yenilənməklə başlanıldı. Belə ki, inkişaf etmiş bir çox dünya dövlətlərində hələ də tərəddüdlə qarşılanan ən ağır cəza – ölüm cəzasının ləğvi prosesinin əsası ölkəmizdə 1993-cü ildə qoyulmuşdur. Həmin ildə Ümummilli Lider Heydər Əliyev ölüm hökmünün icrasına moratorium qoyulması təşəbbüsünü irəli sürmüşdür. Daha sonra “Azərbaycan Respublikasında ölüm cəzasının ləğv olunması ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət, Cinayət-Prosessual və İslah-Əmək Məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 1998-ci il 10 fevral tarixli 431-IQD nömrəli Qanunu qəbul edilmişdir. Ölkəmizin 1998-ci il 11 dekabr tarixində “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın ölüm cəzasının ləğvinə yönəlmiş İkinci Fakultativ Protokoluna qoşulması ilə Şərqdə ilk dəfə olaraq Azərbaycanda bu cəza növü ləğv edildi. Humanist baxışlara, xeyirxahlığa sahib Heydər Əliyevin təşəbbüsü ilə humanizm, ədalət prinsipləri və cinayətlərə görə cəzaların uyğunluğu nəzərə alınmaqla ölkəmizdə qanuna və hüquqa əsaslanmış əfv və amnistiya kimi bağışlama institutları bərpa edildi. 1995-2003-cü illərdə bilavasitə onun tərəfindən imzalanmış 32 əfv sərəncamı və onun prezidentliyi dönəmində qanunvericilik orqanı tərəfindən qəbul edilmiş 7 amnistiya aktı 80 mindən çox insana şamil edilmişdir. Həmçinin, cəzaların icrası sistemi ilə əlaqəli aparılan islahatların tərkib hissəsi olaraq post-sovet məkanında ilk dəfə Azərbaycanda əvvəllər Daxili İşlər Nazirliyinin tərkibində olan penitensiar xidmət tamamilə Ədliyyə Nazirliyinin tabeliyinə verildi.
Görkəmli dövlət xadimi Heydər Əliyevin Ədalət mühakiməsi prosesində özünəməxsus rola sahib olan vəkillik institutu ilə bağlı da addımlar atılmış və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” 1999-cu il 28 dekabr tarixli Azərbaycan Respublikasının Qanunu ilə ölkəmizin tarixində ilk dəfə vəkillik tam müstəqil, hakimiyyətin heç bir qolundan asılı olmayan bir təsisat kimi təsbit edilmişdir. Bununla da fiziki və hüquqi şəxslərə yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsi istiqamətində mühüm irəliləyişlərə nail olunmuşdur.
Ulu öndərin layiqli davamçısı möhtərəm Prezident cənab İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hüquqi islahatlar yeni dövrün tələbləri səviyyəsində məqsədyönlü şəkildə davam etdirilmişdir.
Hazırda ölkəmizdə müxtəlif sahələr üzrə uğurla davam edən inkişaf prosesləri məntiqi ardıcıllıqla bir-birini tamamlayır. Azərbaycanda modernləşmə, yeniləşmə dövlət siyasətinin ana xəttini təşkil edir, güclü ordu qurulur, ölkəmizdə informasiyalı cəmiyyətin formalaşması, əldə edilən iqtisadi mənfəətlərin qloballaşan dünyanın ən qiymətli sərvəti rolunda çıxış edən insan kapitalına çevrilməsi üçün məqsədyönlü addımlar atılır. Bu gün informasiya texnologiyalarının son nailiyyətləri daha böyük sürətlə Azərbaycan həyatının ayrılmaz bir hissəsinə çevrilir.
Prezident İlham Əliyevin rəhbərlik etdiyi illər Azərbaycan tarixinə iqtisadi islahatlar dövrü kimi daxil olub. Hər bir ildə daha böyük təkmilləşmənin, yeniləşmənin şahidi oluruq. Cənubi Qafqaz regionunun, ümumilikdə, Avropanın gələcək taleyinin xeyli dərəcədə asılı olduğu irimiqyaslı qlobal layihələrdə ölkəmizin əsas tərəf kimi iştirakı beynəlxalq sferada müstəqil dövlətimizin mövqelərinin daha da gücləndirilməsini təmin etmişdir.
Əldə olunan diplomatik uğurlarla yanaşı, Ali Baş Komandanın rəhbərliyi ilə Vətən müharibəsində qazanılmış Qələbə, torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan xalqının bir yumruq kimi dövlət başçısının ətrafında birləşməsi nəticəsində mümkün olmuşdur.
Bu birlik özünü 44 günlük Vətən müharibəsi dövründə də göstərdi. Müharibə iki cəbhədə gedirdi: döyüş meydanında və kütləvi informasiya vasitələrində. Azərbaycan həm döyüş meydanındakı müharibədə, həm də informasiya müharibəsində qalib gəldi. Prezident İlham Əliyev yorulmadan kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrində dünya ictimaiyyətinə həqiqətləri, erməni təxribatları, mülki əhalimizə qarşı törədilən terror aktları barədə məlumatları çatdırırdı, dövlətimizə qarşı qarayaxma kampaniyası aparmağa çalışan kütləvi informasiya vasitələrinin nümayəndələrini tutarlı arqumentləri ilə susdururdu.
Unutmamalıyıq ki, Müasir Azərbaycan Ordusunun əsasının qoyulması Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndər hələ Sovet İttifaqı dövründə təzyiqlərə baxmayaraq azərbaycanlıların hərbi peşə ilə məşğul olmalarına dəstək verirdi, general Cəmşid Naxçıvanskinin adını daşıyan hərbi məktəbin yaradılmasına nail olmuşdur. Bu proses Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildi və Azərbaycan Ordusu ən müasir silahlarıa təchiz olundu, peşəkar hərbiçilər yetişdirildi.
Azərbaycan xalqı möhtərəm Prezidentimiz İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın həyata keçirdikləri siyasətin uğurlarının bələdçisi kimi daim onları dəstəkləyir, sabaha inamla addımlayır. Hər gününü tarixə bir uğur səhifəsi kimi yazan Azərbaycanın qarşısında daha geniş imkanlar mövcuddur. Ulu öndər Heydər Əliyevin ideyaları Azərbaycanın dünəninin, bu gününün və gələcəyinin əsasıdır.

Hüquqşunas Elmar İbrahimov