![]()
Prezident İlham Əliyev Çinin CGTN telekanalına verdiyi müsahibə Azərbaycan-Çin əməkdaşlığının yol xəritəsinin anonslarını verdi. Çinin CGTN telekanalına müsahibəsi zamanı Azərbaycan dövlət bsşçısı, son altı ildə Çinə ikinci dəfə səfər etməsinə baxmayaraq, ötən dövr ərzində bir sıra tədbirlərdə Sədr Si ilə görüşmək imkanı olduğunu bildirdi. Məlumdir ki, ötən ilin iyul ayında hər iki ölkə Strateji Tərəfdaşlıq Haqqında Bəyannamə qəbul edib. Bu Bəyannamə Azərbaycan-Çin əməkdaşlığının olduqca mühüm tarixinə çevrilib. Ötən gün isə Prezident Əliyev və Sədr Si Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanat imzaladılar. Beləliklə, iki ölkə arasındakı münasibətlər daha yüksək səviyyəyə qalxmış oldu. Səfər zamanı bir çox sahəni əhatə edən 20-dən çox sənəd imzalandı.
Müsahibəsində ökələrimizin milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirdiyini vurğulayan Prezident İlham Əliyev, qarşılıqlı olaraq suverenlik və ərazi bütövlük prinsiplərini dəstəklədiyimizi bildirdi.
Azərbaycan “Vahid Çin” siyasətini qəti şəlildə dəstəkləyir. Tayvanda qeyri-qanuni seçkiləri açıq şəkildə pisləyən ölkələr sırasında Azərbaycan ilklərdən olub. Azərbaycan, yerləşdiyi bölgədə bu günə qədər bir çox ölkə ilə, həmçinin bəzi Avropa ölkələri ilə Strateji Tərəfdaşlıq haqqında bəyanatlar imzalayıb. Lakin Prezident İlham Əıiyevin də söylədiyi kimi, Çin ilə Bəyanat bu sırada olan ən güclü Bəyanatdır.
İki ölkə arasındakı münasibətlərin inkişafı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan Prezident dedi ki, Ulu Öndər iki ölkə arasında münasibətlərin möhkəm təməl üzərində qurulmasında mühüm rol oynayıb. Ulu Öndərin xarici siyasət prioritetləri sırasında Çin xüsusi yer tuturdu. Ötən 20 ildə dünya da, Azərbaycan da dəyişib, lakin prioritetlər olduğu kimi qalıb.
Çinin keçdiyi tərəqqi yolunu ilham mənbəyi adlandıran dövıət başçımız, Azərbaycanda illər əvvəl güclü iqtisadi quruculuq işlərinə başladığımızı, bu gün Azərbaycanın xarici borcunun ÜDM-in 7 faizindən az olduğunu açıqladı. Bizim mübadilə olunan valyuta ehtiyatlarımız xarici borcumuzdan 14 dəfə çoxdur. İşsizlik, yoxsulluq səviyyəsini 5 faizə endirdik, iqtisadiyyatımızı şaxələndirdik. Yaşıl gündəlik bizim üçün əsas prioritetlərdəndir. Çin burada çox mühüm rol oynayır.
Müsahibəsində iki ölkə arasında bərpaolunan enerji istehsalı istiqamətində əməkdaşlığın genişləndirildiyini bildirən Prezident İlham Əliyev, bu vaxtadək Çin şirkətləri investorlarla, Azərbaycanın yaşıl enerjisinə sərmayə yatıran şirkətlərlə podratçı qismində çalışırdılar, dedi. İmzaladığımız və icra fazasında olan müqavilələr bizə 2030-cu ilə qədər 6500 meqavat bərpaolunan enerji verəcək.
Beləliklə, bizim bərpaolunan enerji resursları ilə bağlı ikitərəfli əlaqələr istiqamətində işləmək üçün həqiqətən də nadir fürsət var. Çünki bu məsələ bizim strategiyamıza və sizin gündəliyinizə uyğundur.
Səfəri yaddaqalan edən cəhətlərdən biri də, viza rejiminin qarşılıqlı olaraq ləğvi ilə bağlı sənədin imzalanması oldu. Bu məsələ ilə bağlı fikirlərini açıqlayan Prezident İlham Əliyev dedi ki, bu gün hər bir pasport sahibi, hər bir sıravi vətəndaş üçün tamamilə vizasız rejimin tətbiq olunması ilə bağlı sənədin imzalanması möhtəşəm bir xəbərdir. Bu qarşılıqlı addımı atdıqları üçün çinli dostlarımıza minnətdarıq. Keçən il biz birtərəfli qaydada Çin vətəndaşlarını viza almaq tələbindən azad etdik. Bu, ilk dəfə idi ki, baş verirdi. Çinə həqiqətən də xüsusi münasibət göstərilmişdir. Adətən, biz bunu həmişə ikitərəfli əsasda edirdik. Lakin bu halda biz dostluğumuzu və səmimiliyimizi nümayiş etdirmək üçün bunu birtərəfli qaydada etdik. Bu gün, həqiqətən də tarixi gündür və Azərbaycan vətəndaşları üçün çox yaxşı xəbərdir, çünki onlar sadəcə olaraq bilet alıb Çinə gələ bilərlər”.
Çinin CGTN telekanalına müsahibəsində ortaq universitetin qurulması təşəbbüsü haqqında da danışan Prezident İlham Əliyev, ölkələrimizdə hər iki ölkədən təhsil alan 100-dən çox tələbənin olduğunu, dedi. Prezident qeyd etdi ki, sözsüz ki, biz daha çox azərbaycanlının Çinə səfər etməsini, təhsil almaq, işləmək üçün gəlməsini istəyirik. Biz qlobal trendlə ayaqlaşmaq istəyirik. Düşünürəm ki, Azərbaycandan daha çox sayda tələbənin buraya gəlməsi üçün böyük imkan var. Həmçinin, zənnimcə, Azərbaycanda Çin-Azərbaycan Universitetinin yaradılması barədə düşünmək yaxşı fikir olar. Hazırda biz bu imkanın dəyərləndirilməsi mərhələsindəyik. Lakin sözsüz ki, insanlar nə qədər çox səyahət edirlərsə, mədəniyyət, xalq barədə nə qədər çox bilirlərsə, ölkələr arasında əlaqələr bir o qədər də daha sıx olur. Çünki, bəli, biz siyasi qərarlar qəbul edirik, strateji tərəfdaşlarıq. Biz liderlər və hökumətlər olaraq dostuq. Lakin bizim xalqlarımızın da daha çox yaxınlaşmasına, onların da dost olmasına ehtiyacımız var”.
Bir daha əminliklə qeyd etməliyik ki, Prezident İlham Əliyevin Çinin CGTN telekanalına verdiyi müsahibə zamanı toxunduğu məsələlər və açıqladığı fikirlər bir daha Azərbaycan xarici siyasətinin dəyişməz prinsiplərini, eyni zamanda Azərbaycan-Çin əməkdaşlığının yol xəritəsinin ana cizgilərini ortaya qoymuş oıdu.

Jalə Əliyeva
Millət vəkili
Milli Məclisin Ailə,qadın, uşaq məsələləri
komitəsinin sədr müavini
Subyekt.az