![]()
Ənvər Yusifoğlu (soyadı Qasımov) 15 yanvar 1914-cü ildə Yevlaxda anadan olmuşdur. Əslən Ordubaddandır. Ənvər Yusifoğlu Tiflis pedaqoji texnikumunda oxumuşdur. “Yeni kənd” (Tiflis), “Kommunist” (Bakı) qəzetlərində ədəbi işçi, Azərbaycan İncəsənət Muzeyində elmi işçi işləmişdir. Ənvər Yusifoğlu 1937-ci ildə həbs edilmiş, altı ay Hüseyn Cavidlə bir kamerada qalmışdır. 9 aydan sonra buraxılsa da, 1938-ci ildə yenidən həbs olunaraq, 10 il müddətinə Sibirə sürgün edilmişdir. Ənvər Yusifoğlu sürgündən qayıtdıqdan sonra Balakən taxta emalı zavodunda fəhlə (1950- 1956), “Ədəbiyyat və incəsənət” (indiki “Ədəbiyyat”) qəzetində, “Azərbaycan” jurnalında ədəbi işçi (1957-1965) vəzifələrində çalışmışdır. Ənvər Yusifoğlu ədəbi yaradıcılığa 30-cu illərin əvvəllərində başlamışdır. “Cərrahlar” (1967), “Gənclik illərinə sayahət” (1976) povestlərinin, “Düşmənimin düşməni” (1978) romanının, hekayə toplularının müəllifidir. Sənətşünaslığa dair “Maral Rəhmanzadə” (Bakı, 1968) adlı kitabın müəllifidir. Ənvər Yusifoğlu 4 mart 1989-cu ildə Bakıda vəfat etmişdir.
Kitabları: “Hekayələr” (1966), “Cərrahlar”, “Maral Rəhmanzadə” (monoqrafiya) (1968), “Gənclik illərinə səyahət” (1976), “Düşmənimin düşməni” (1978), “Göyərçin qanadları” (1979) və s.
Aaraşdırdı: AYNUR TURAN
Subyekt.az