![]()
I YAZI
İDEOLOJİ ROMAN, YOXSA “BƏŞƏRİN TRAGİKOMEDİYASI”?
(Əziz oxucular! Mənim Sizdən yeganə təmannam odur ki, həcminin genişliyinə baxmayaraq bu yazını axıra qədər oxuyasınız. Bunun müqabilində qızıl kimi vaxtınızın itməyəcəyinə, ayırdığınız vaxt üçün peşman olmayacağınıza, roman haqqında təsəvvürlərinizin büsbütün dəyişəcəyinə bütün məsuliyyətimlə söz verirəm)
Mir Cəlalın realizmi onun ilk romanı olan “Dirilən adam”da özünü bütün ciddiliyi ilə göstərmişdir. Yazıçının ilk romanı epizmə meyllidir. “Dirilən adam”la “Bir gəncin manifesti” romanı eyni tarixi dövrün hadisələrini əks etdirir. Romanların mövzu və problematikalarında yaxınlıq olsa da, “Dirilən adam”da Azərbaycan kəndinin mənzərəsi daha əhatəli planda əks etdirilmişdir. Hər iki roman “inqilab” ideyasına köklənsə də, realizmin həyat həqiqətinə sədaqət prinsipi və yazıçının böyük istedadı, dərin müşahidə qabiliyyəti realliğin acı mənzərələrini əks etdirməyə imkan vermişdir.
Tədqiqatlarda Mir Cəlal realizmində C.Məmmədquluzadə sənətinin ən yaxşı ənənələrinin yaşadığı dönə-dönə qeyd olunmuşdur. “Dirilən adam”la “Danabaş kəndinin əhvalatları” əsəri arasında analoji cəhətlər çoxdur. Hər iki əsərdə bədii məkan eynidir: Azərbaycan kəndi. Lakin bu kəndlər və bu kəndlərin bədii təqdimi eyni deyildir. Çünki C.Məmmədquluzadənin təsvir etdiyi kənd XIX əsr Azərbaycan kəndidir. Mir Cəlal Azərbaycan kəndini XX əsrin əvvəllərinin ən təlatümlü vaxtında, tale yüklü zamanında təsvir edir. C.Məmmədquluzadənin təsvir etdiyi kənddən fərqli olaraq bu kənddə ictimai-siyasi hadisələr daha sürətlə bir-birini əvəz edir.
“Bir gəncin manifesti”ndən fərqli olaraq “Dirilən adam”ın aparıcı qəhrəmanları bu ictimai-siyasi hadisələrin içində deyil. Hərgah ki, sosialist realizminin ideoloji prinsiplərindən irəli gələrək onların da yolu “inqilaba doğru”dur. “Bir gəncin manifesti”ndə olduğu kimi, bu əsərin də sonunda inqilab öz “mübarək və qırmızı” qədəmlərini Azərbaycan toprağına basır, patetik “yoldaşlar” ifadəsi “yeni dünya”ya çağırış kimi səslənir. Lakin fikrimizcə, romanın gücü, bədii siqləti bu çağırışda deyil, sosial ədalətsizliyə, insana antiinsani münasibətə etiraz ruhundadır, bu etiraz ruhunun güclü realist ifadəsindədir. Hansı zamanda və şəraitdə yaşamasından asılı olmayaraq ölməmiş insanın öz sağlığını sübut edə bilməməsinin təsviri İnsana qeyri-humanist münasibəti tənqid kontekstini önə çıxarır. Qədirin talesizliyi və bu talesizlikdən doğan həyat “roman”ı ideoloji təfsirin geyindirdiyi “sinfi don”a heç cür sığışmır, milli gerçəkliyin sosial bəlası kimi dərin bəşəri məzmun, məna daşıyır.
Qədir-Qumru xətti insani sevgini, məhəbbət kontekstini, insanın təbii varlığının mürəkkəbliyini, gücünün bitib- tükənməzliyini, hələ qatı açılmamış sirlərlə dolu olduğunu önə çıxarmaqla məhdudlaşmır, böyük sevgi ilə yaşayan insanların yaşamaq haqqını təsdiq edir. Bu təsdiq pafosu romanın tənqid pafosu ilə dolu olan süjetində reallaşır. “Danabaş kəndinin əhvalatları”nda Xudayar bəy Zeynəbin həyatını faciəyə döndərir. Bu faciəni Bəbir bəy Qumruya yaşadır. Lakin fərqli üsul və vasitələrlə gerçəkləşdirilsə də, yaşamaq haqqını C.Məmmədquluzadə Zeynəbə, Mir Cəlal Qumruya verir. Mir Cəlalın təsvir obyektinə çevirdiyi situasiya “Danabaş kəndinin əhvalatları”ndakından sərtdir. Xudayar bəy heç olmasa əri ölmüş qadını özünə arvad etmək istəyirdisə, Bəbir bəy Qumrunun ərini diri ikən ölmüş elan etməklə niyyətinə çatmaq istəyir. “Dirilən adam”da faciəvi situasiyanın kökü daha dərinlərə işləyir, sosial mühit və insan kontekstində bədii mənalandırma daha sərt həqiqətlərin açılmasına təkan verir. Məsələ burasındadır ki, “dirilən adam” süjeti Mir Cəlalın romanını dünya ədəbiyyatının ən güclü ənənələrinə birbaşa bağlayır. Bu süjetin bədii ifadəsinə biz Balzak nəsrində rast gəlirik. Dahi fransız yazıçısının “Bəşərin komediyası” silsiləsinin birinci hissəsinə (“Əxlaqi etüdlər”ə) daxil olan “Polkovnik Şaber” adlı bir povesti var. Əsər eyni adlı qəhrəmanın həyat tarixçəsini nəql edir: “Napaleon müharibələrinin qəhrəmanı və Napaleonun Misirdə çox böyük əhəmiyyəti olan qələbəsinə yaxından kömək edən polkovnik Şaberi Eylau döyüşlərində ölmüş zənn edirlər. Ancaq o ölməmişdi, ağır yaralanmışdı. Sağaldıqdan sonra Parisə qayıdan Şaber özünün bütün əvvəlki hüquqlarının bərpa edilməsini tələb edir. Hamı onun gözünün içinə gülür, onu ələ salır və ittiham edirlər ki, guya o, ölmüş Şaberin adını qeyri-qanuni mənimsəmişdir. Arvadı ərə getmiş və Şaberin var-dövlətinə sahiblənmişdi. Şaber keçmiş var-dövlətinin geri qaytarılmasını tələb etdikdə başda arvadı olmaqla bütün cəmiyyət onun əleyhinə qalxır. Doğrudur, vəkil Dervil kimi namuslu bir adam tapılır və polkovniki müdafiə edir, ancaq Şaberi mübarizədən çəkinməyə vadar edirlər” (9,401).
Sovet ədəbiyyatşünaslığında Şaber “burjua cəmiyyətinin qurbanlarından biri” kimi xarakterizə edilir, başqa sözlə, Balzakın burjua cəmiyyətinə kəskin tənqidi mövqedən yanaşması xüsusi qabardılır. Eyni zamanda, yazıçının “hər bir adi adamın haqqı olan bir şeyi əldə etmək, yəni öz adını geri qaytarmaq üçün” mübarizə haqqının olmasının, romanın əsas ideya xəttini təşkil etməsi haqqında ədəbiyyatşünaslıq qənaətləri də meydana çıxmışdır. Xüsusi vurğulamaq lazım gəlir ki, bu ikinci ideya xətti povestin bədii həqiqətlərini daha çox içərisinə alır və “Polkovnik Şaber”in “dirilən adam” süjetində insana insani münasibət tələbi irəli çıxır. Bu münasibətin arxa plana atıldığı hər hansı bir cəmiyyət – quruluş Balzak realizminin kəskin tənqidi ilə üzbəüz qalır. Lakin Balzakın mövcud cəmiyyət quruluşuna kəskin tənqidi münasibəti onu bu cəmiyyət quruluşunu inkara aparıb çıxarmır. Hətta sovet ədəbiyyatşünaslığı belə, bir çox hallarda Balzak realizminə tendensiyalı – ideoloji yanaşmalarına baxmayaraq etiraf edir ki, “Balzak heç yerdə və heç zaman burjua cəmiyyətini inqilabi yolla dəyişdirmək qənaətinə gəlməmişdir” (9,403). Demək, Balzakın burjua cəmiyyətinə tuşlanan tənqidi onu islah məqsədindən irəli glir və məhz bu məqsədlə də insanın insana hümanist yanaşmasını cəmiyyəti xilas edəcək, onu irəliyə aparacaq ən mütərəqqi bir yol hesab edirdi. Şaberin dilindən cəmiyyətə ittiham aktı kimi səslənən aşağıdakı sözlər bütövlükdə cəmiyyəti oyatmaq, vətəndaş şüuru formalaşdırmağa hesablanmışdı: “Mən əvvəlcə ölülər altında dəfn edilmişdim, indi isə mən canlılar içində, rəsmi sənədlər, dəlillər, məni torpağa qayıtmağa məcbur etmək istəyən bütün bir cəmiyyətin altında diri-diri dəfn edilmişəm… (10,89).
Balzak Şaberin “canlılar içində diri-diri dəfn edilməsi”ni bədii təsvirin mərkəzinə çəkməklə insana antihumanist münasibəti cəmiyyətin xarakteri kimi dərk edir və onun povestdə qaldırdığı problemi məhz bu kontekstdə başa düşmək lazımdır.
Balzakın povesti ilə Mir Cəlalın “Dirilən adam” romanını öz diriliyini sübut edə bilməyən insan kontekstində müqayisəli təhlilə cəlb etsək, görərik ki, istər Balzakda, istərsə də Mir Cəlalda məsələnin mahiyyəti hər hansı konkret bir cəmiyyət, bir ictmai-siyasi sistem çərçivəsi ilə məhdudlaşmır, onun fövqünə qalxır, bəşəri bir problem, bütün zamanlar üçün aktual olan problem səviyyəsində idrak və inikas olunur. Bununla bərabər, həm Balzakın, həm də Mir Cəlalın yanaşmalarında zamanın xarakteri də öz izini qoyur. Balzakın povestində Şaberin ölüm xəbərinin çıxması təşkil olunan məsələ deyil. Şaberi heç kim ölüm səyahətinə – gedər-gəlməzə göndərmir. Müharibədə ön cəbhə iştirakçısının ölüm xəbərinin çıxmasında qeyri-təbii heç nə yoxdur. Balzakı da düşündürən və onun cəmiyyətin son dərəcə ciddi sosial və əxlaqi problemi kimi qaldırdığı məsələ bir təsadüf ucundan sağ qalan qəhrəmanın ölmədiyini sübut edə bilməməsi, cəmiyyətin onun diriliyinə, yaşamasına nəinki laqeyd, hətta kinayəli münasibətidir: “Başıma gələn əhvalatları söylədikdə, hamı məni dəli hesab etməyə başlayırdı… Orada xəstə bir fransıza hörmət etsələr də, mən polkovnik Şaber olduğumu söylədikdə açıqdan-açığa üzümə gülürdülər” (10,88). Bu münasibət insan taleyinin ucuzlaşması, büsbütün dəyərdən düşməsi və nəticə etibarı ilə isə cəmiyyət əxlaqının pozulmasıdır. Balzakı narahat edən məsələnin bu tərəfidir. Pulun hakimiyyətinin cəmiyyət əxlaqını idarə edən bir gücə çevrilməsidir. İnsanın və nəticə etibarı ilə cəmiyyətin büsbütün maddi dünyaya köklənməsidir: Arvadı ərə getmiş və Şaberin var-dövlətinə sahiblənmişdi” (9,401). Cəmiyyətin Şaberə münasibəti də güc sahibinin – var-dövləti mənimsəyən arvadın hərəkətləri ilə tənzimlənir.
Balzakın “Bəşərin komediyası” silsiləsinə daxil olan əsərlərindəki bəzi qəhrəmanları ədəbiyyatşünaslıq “şəraitin məğlub etdiyi qəhrəmanlar” adlandırır və bu sırada Qorio atanı (“Qorio ata”), polkovnik Şaberi və Esteri (“Kurtiziankanın yksəlişi və süqutu”) xüsusi fərqləndirir. Bu qəhrəmanlar haqqında rus ədəbiyyatşünaslığında formalaşmış qənaətlərdən biri belədir: “Bunlar məhv olurlar, ancaq onları nə tamahkarlıq, nə mənsəbpərəstlik, nə də şöhrətpərəstlik məhv edir. Qorio ata, polkovnik Şaber, nə də Ester var-dövlət və şöhrət axtarmırdılar. Onlar həyatda çox təvəzökar yaşamaq istəmələrinə baxmayaraq, yenə də məğlub olurlar. Onlar özlərinin ən adi insani hüquqlarını qorumaq istəyirlər, öz övladlarını sevmək və onlar tərəfindən sevilmək, öz şəxsi adlarını dəyişdirmədən yaşamaq, ailə qurmaq və s. arzu edirlər” (9,399). Balzak insana ən adi insani hüquqlarını qorumaq imkanı verilməsi uğrunda mübarizə aparır.
Belə bir mübarizə yolu tarixən Azərbaycan ədəbiyyatı üçün də səciyyəvidir. XX əsrin əvvəllərində C.Məmmədquluzadə “ölülər və dirilər” kontekstini məhz cəmiyyət əxlaqına tənqidi yanaşma prizmasından önə çəkmişdi. “Ölülər”in məşhur “qəbiristanlıq səhnəsi”ndə İsgəndərin ölülərə müraciətlə dediyi sözlər, etdiyi nəsihətlər probelmin Balzak zamanından keçən əsrə yaxın müddət ərzində, demək olar ki, dəyişmədiyini və aktuallığını qoruyub saxladığını göstərirdi.
Mir Cəlalın “Dirilən adam”da milli və dünya ədəbiyyatı tarixindən dönə-dönə keçən bu məsələyə qayıdışı əsərin yazıldığı zamanda problemin daha da aktuallanması ilə birbaşa şərtlənir.
“Dirilən adam” mövzusunun dünya ədəbiyyatındakı ənənəsinin milli nəsrimizdəki təzahürü necə idi? Milli nəsrimizdə bu mövzunun işlənilməsində ənənəyə novator münasibət müşahidə etmək mümkündürmü? Ən nəhayət, Azərbaycan yazıçıları “dirilən adam” mövzusuna və süjetinə milli özünəməxsusluq qazandıra bilmişdimi? Balzakdan Mir Cəlala gedən yolu neə təsəvvür etmək olar? Xüsusilə bir həqiqət heç bir şübhə doğurmur ki, Balzakdan Mir Cəlala gedən yol Mirzə Cəlil “körpü”sündən keçir və burada çox ciddi bir qanunauyğunluq var. Bu qanunauyğunluq, ilk növbədə, onların burjua cəmiyyət qanunlarının qüvvədə olduğu zamanın yazıçıları olmasında və hər ikisinin bu cəmiyyət qanunlarına kəskin tənqidi münasibətində meydana çıxır. Balzak “… bütün burjua cəmiyyətini tənqid edir. Balzakın ən böyük xidməti orasındadır ki, o, burjua münasibətlərinin əsasını təşkil edən ziddiyyətlərin daxilinə nüfuz edə bilmişdir” (9,383). Mirzə Cəlilin də “Danabaş kəndinin əhvalatları”nda “XIX əsrin sonu, XX əsrin əvvəlləri, feodal-patriarxal cəmiyyətdən burjualaşmağa doğru gedən Azərbaycan kəndinin doğru, düzgün, “tipik şəraitdə tipik xarakterlərlə gerçək mənzərələrini yaratmasını”, “Azərbaycan gerçəklərinin “tarix” təhlilini verməsi”ni ədəbiyyatşünaslığımızın birmənalı elmi həqiqət kimi meydan qoymasını (11,53) etiraf etməliyik. “Bəşərin komediyası”nın “burjua cəmiyyətinin icimai xarakterlərinin tarixçəsi” (9,386) olduğunu nəzərə alsaq, hər iki sənətkarın yaradıcılığında “tarixi” təhlilin əsas yazıçı məqsədinə çevrildiyini görmək mümkündür. Hər iki yazıçı yaradıcılıq metodu etibarı ilə bir araya gəlir və tənqidi realizmin kəskin tənqid pafosu hər iki yazıçıya milli cəmiyyət həyatını analitik bədii təhlildən keçirməyə imkan verir. Balzakın və Mirzə Cəlilin tənqidi realizmi gerçəkliyə sərt və güzəştsiz tənqidi münasibətlə də birləşir.
“Danabaş kəndinin əhvalatları”nı “Polkovnik Şaber”ə bağlayan, müəllif mövqelərini bir araya gətirən əsas cəhət nədən ibarətdir? Hər iki əsərdə əri ölən (və yaxud öldüyü zənn edilən) arvadın başqasına ərə getməsi (və yaxud ərə getməyə məcbur edilməsi) motivi öndədir. “Polkovnik Şaber”də ərinin ölməsi xəbəri çıxan qadının başqa birisinə ərə getməsi hadisəsi fonunda, “Danabaş kəndinin əhvalatları”nda isə əri ölmüş qadının başqa birisinə zorla nigah edilməsi fonunda cəmiyyət əxlaqının eybəcər siması açılır, vicdanlı, namuslu, təmiz və saf olan insanın üzləşdiyi ədalətsizliklər təhlil predmetinə çevrilir. Balzakın povestində polkovnik Şaber ölmədiyini, “Əhvalatlar”da Zeynəb ərə getmək istəmədiyini heç kəsə sübut edə bilmir və bu sübutsuzluq şəraitində onların hər ikisi məhvə sürüklənirlər. Balzakın və Mirzə Cəlilin realizminin “gerçəklik üzərindən pərdəni amansızcasına götürmək” xüsusiyyəti, bu tənqidin tam obyektiv xarakter daşıması, hər iki sənətkarın yaşadığı cəmiyyətdə bədii sözə azad münasibət gerçəkliyi sərt realist qələmlə və güzəştsiz ifadəyə imkan verir. Tənqidi realizmin təbiəti yüksək yazıçı müşahidələri və istedadı ilə birləşəndə bu imkanı gerçəkləşdirmək mümkün olur. Mir Cəlalda isə vəziyyət bir az baş cürdür. Mir Cəlal totalitar rejimdə yaşayır. Bu cəmiyyətdə nə insan, nə də bədii söz azad deyildir. Azadlıq pərdəsi altında hər şey siyasi rejimin sərt nəzarəti altındadır. Bu cəmiyyətdə (xüsusən “Dirilən adam”ın yazıldığı illərdə) fərqli inikas üsullarına və metodlarına yer yoxdur. Tənqidi realizm və romantizm kimi iyirminci əsrin əvvəllərində çiçəklənməkdə olan ədəbi cərəyanların sovet ədəbi prosesinə nüfuzunun qarşısı alınmış, sovet ədəbiyyatının yeganə yaradıcılıq metodu elan edilən sosialist realizmində tənqidi realizmə cüzi bir yer, romantik təsvirə isə inqilabi romantika şəklində və əslində romantik təsvirin mahiyyətini tamam təhrif edən bir məzmunda yer ayrılmışdı.
Yaradıcılıq stixiyası etibarı ilə Mirzə Cəlil məktəbinə yaxın olan, bu məktəbin xüsusiyyətlərini mənimsəyən və əslində estetik düşüncəsinin xarakteri ilə tənqidi realizmə meyl edən Mir Cəlalın qarşısında həyatı bədii inikasda tamam fərqli şərtlər qoyulurdu. Hətta sovet dövrünün ədəbiyyatşünaslığı da etiraf edir ki, “onun yaradıcılığında sənətin başqa zəruri keyfiyyətləri ilə yanaşı, yumor və satira da mühüm yer tutur. Burada mənfilik və nöqsanlara qarşı mübarizədə etibarlı silah rolu oynayan gülüşün mahiyyəti təsvir obyektinin xarakterindən, məzmunundan, onun ideya-estetik baxışından asılı olaraq dəyişib, yeni məna və xüsusiyyətlərlə zənginləşir” (12,13-14).
Bu mülahizələr sovet ədəbiyyatşünaslığının sosialist realizmində satiranın bədii əksetdirmə vasitələrindən biri kimi zəruriliyini əsaslandırmaq mövqeyindən söylənsə də, mülahizələrin alt qatı öz yaradıcılıq manerasının xüsusiyyətləri baxımından Mr Cəlal üslubunun tənqidi realist mahiyyətini önə çıxarır. Lakin açıq ifadə edilmir və edilə bilməzdi də. Lakin indiki halda Mir Cəlalın bədii inikas üslubunun xarakterindəki bu cəhət etiraf olunmalı, əsərlərinin ideya-bədii təhlilində onun yaradıcılıq metodunda sosialist realizmindən kənara çıxma hallarının mahiyyəti dəqiq təsəvvür edilməlidir. Bu təsəvvür olmadan nə Mir Cəlalın yaradıcılığının həqiqi mahiyyətini, nə tənqidin onun yaradıcılığına, xüsusən “Dirilən adam”a və “Açıq kitab”a hücum xarakterli yanaşmalarının səbəbini başa düşmək olar. Mir Cəlal yaradıcılığında tənqidi realist təsvirin yeri (və yaxud həqiqi realist təsvirin yeri) məsələsi böyük sənətkarın nəsrinin həqiqi məzmununu və sənətkarlıq sirlərini açmağın, düzgün başa düşməyin və qiymətləndirməyin açarıdır.
“Dirilən adam” romanı haqqında çox yazılmışdır. Demək olar ki, ədəbi tənqiddə roman ciddi mübahisə obyekti olmuşdur. Roman haqqında H.Əfəndiyev, C.Cəfərov, M.Arif, M.Hüseyn, Cəfər Xəndan, Ə.Hüseynov, M.Əlioğlu və b. tənqidçilər öz məqalələrilə çıxış etmiş, əsəri həm təqdir edən, həm də onun ideya-sənətkarlıq qüsurları ilə bağlı konkret tənqdiçi mövqeləri ortaya qoyulmuşdur.
Əsərin ünvanına söylənən tənqidi mülahizələrin böyük əksəriyyəti Mir Cəlalın inqilabi hadisələrin təsvirinə az yer ayırması, kənd həyatının təsviri ilə müqayisədə inqilabi proseslərin canlı həyat lövhələri ilə təcəssüm olunmaması ilə bağlı olmuşdur. Ədəbiyyatşünas Y.İsmayılov 1975-ci ildə nəşr etdirdiyi “Mir Cəlalın yaradıcılığı” monoqrafiyasında “Dirilən adam”a həsr edilmiş ədəbi tənqidi məqalələri, eləcə də “Azərbaycan sovet prozasının birinci konferensiyası”nda (1939) romanla bağlı müzakirə materiallarını təhlil edib ümumiləşdirməyə çalışmışdır. O həm tənqidin mövqeyinə istinadla, həm də romana öz ədəbiyyatşünas baxışını ortaya qoyaraq “Dirilən adam”ın əsas ideya-sənətkarlıq qüsurunu aşağıdakı kimi ümumiləşdirmişdir: “Təəssüf ki, müəllif Qədirin daxil olduğu yeni şəhər həyatının, mühitinin əsil ictimai-siyasi mənzərəsini, inqilab alovunun necə güclənib yayıldığını, şəhər zəhmətkeşlərinin, fəhlələrinin necə hazırlaşdıqlarını göstərmir” (12,79).
Ədəbiyyatşünaslığın bu mövqeyi 30-40-cı illər tənqidinin “o (Mir Cəlal – T.S.), tarixi, ictimai-siyasi vəziyyəti geniş göstərmir” (C.Cəfərov) kimi qənaətlərinin cüzi redaktə ilə 70-ci illərdə də qüvvədə qaldığını göstərir.
Bu gün müasir ədəbiyyatşünaslıq düşüncəsi ilə yanaşanda “Dirilən adam”ın ünvanına deyilən bu tipli qüsurları necə dəyərləndirmək lazımdır? Məsələyə metodoloji yanaşmanın ən düzgün yolu bu suala verilən elmi cavabla birbaşa bağlıdır.
Bunun üçün tənqidin romana aid etdiyi bu qüsurların mənbəyini müəyyənləşdirmək lazımdır. Tənqidin bu mövqeyinin kökünü sosrealist tənqidi düşüncənin mahiyyətində axtarmaq, fikrimizcə, ən düzgün metodoloji yoldur. Ümumittifaq Şura Yazıçılarının 1934-cü ildə keçirilən I qurultayında qəbul edilmiş “Şura Yazıçılarının Nizamnaməsi”ndə, sovet ədəbiyyatı “məzmunca sosialist, formaca milli ədəbiyyat” kimi xarakterizə olunur, sosialist realizmi bu ədəbiyyatın yeganə yaradıcılıq metodu elan edilir və “həyatı doğru-dürüst, tarixən konkret və inqilabi inkişafda əks etdirmək onun əsas yaradıcılıq prinsipi kimi qəbul edilir”.
Realizmin bütün tarixi inkişaf mərhələlərində həyatın “doğru-dürüst, tarixən konkret” əksi əsas yaradıcılıq prinsiplərindən biri olmuşdur. Məhz bu cəhət realizmin tarixi mərhələləri və tipləri arasındakı varislik əlaqəsini göstərən, bu mərhələ və tipləri bir realist inikas üsulu kimi dərk etməyə imkan verən zəruri estetik şərtdir.
Məsələ burasındadır ki, “inqilabi inkişaf” pafosu sosialist realizmini nəinki realizmin tarixi mərhələlərindən ayırır, varislik əlaqəsinin qanunauyğun təzahürünə mane olur, eyni zamanda, məhz bu prinsip həyatın “doğru-dürüst, tarixən konkret” təsviri yolunda maneəyə çevrilir. Sovet dövrü ədəbiyyatındakı bütün ziddiyylətli hallar da öz başlanğıcını buradan götürür.
Balzak “Polkovnik Şaber”də ölüm xəbəri çıxmış qəhrəmanın öz diriliyini sübut etmək üçün çarpışması əhvalatına tam realist həll verir. Süjetin bədii həllində, qəhrəmanın tale yolunun təsvirində Balzak həyatın sərt və amansız qanunlarından çıxış edir, qəhrəmanın taleyini bu qanunlardan çıxış edərək həll edir, sənətin, həyatla üzvi bir əlaqədə olması” (9,413), başqa sözlə, həyat həqiqətinə sədaqət prinsipi onun üçün realizmin əsas şərtidir. Povestin sonunda Balzakın qəhrəmanı “bir çoxlarının məftun olduğu bu zahiri həyata qarşı nə qədər böyük nifrət bəslədiyini” (10,133) məhz bu nifrətin onu “artıq əsgər olmaq iqtidarından” çıxardığını, (10,133) başqa sözlə, içindəki böyük sevgini, məhəbbəti necə puç etdiyini etiraf edir. “Polkovnik hiddətlənmiş namuslu bir adam kimi alovlu bir nəzərlə bu qoca fırıldaqçıya nifrətlə baxdı, sonra bir-birinə zidd müxtəlif duyğular içində çırpınaraq tələsik onu tərk etdi. O artıq yenə heç kəsə inanmırdı; gah hiddətlənir, gah da sakit olurdu… Ürəyində həyata qarşı o qədər böyük bir nifrət doğmuş idi ki, qarşısında su olsaydı, özünü suya atardı; cibində tapançası olsaydı, başını partladardı” (10,128-129). Balzak ən böyük itgini bu məhəbbətin yox olmasında axtarır, bu yoxolmanı dünyanı məhvə sürükləyən amil hesab edir, bununla bərabər, bu acı həqiqəti deməkdən və təsvir etməkdən çəkinmir. Balzak bütün ümidlərini bu deyilənlərə bağlayır, çünki əxlaq səltənətinin yenidən qurulmasında öz “Söz”ünün təsir gücünə inanır.
Mirzə Cəlil də “Əhvalatlar”da əri ölmüş Zeynəbin başqasına ərə getməmək istəyinə, Xudayar bəyin onu özünə zorla arvad etmək məqsədinə tam realist həll verir. Yazıçı Zeynəbin ölmüş ərinə sədaqətini də, övladlarına sonsuz sevgisini də başa düşür, dəyərləndirir, onun sevimli ərindən sonra yenidən ərə getməmək qərarına da tam bir rəğbətlə yanaşır, ancaq Danabaş kəndinin katdası Xudayar bəyin Zeynəbi zorla özünə arvad etməsinin, keçmiş ərindən qalmış bütün var-dövlətini əlindən alıb onu quru yurdda qoymasının qarşısını ala bilmir. Çünki “Əhvalatlar”da təsvir edilənlər, eləcə də Zeynəbin başına gələnlər həyatın sərt üzündən güc alır. Balzak kimi Mirzə Cəlil də sənətin “həyatla üzvi əlaqədə olması”nı qəbul edən” və bunu özünün yaradıcılıq prinsipinə çevirən yazıçıdır. Lakin Mir Cəlal tamam başqa sosial-siyasi şəraitin yazıçısıdır. Məhz bu sosial-siyasi şəraitin qələminə təsir etməməsi mümkün deyil. Ancaq Mir Cəlalın yazıçılıq qüdrəti bu sosial-siyasi şəraitə müqavimət gücündə, müxalifət ruhundadır.
Akademik İ.Həbibbəyli yazır: “Keçən əsrin 30-50-ci illərində ədəbiyyat böyük sürətlə ideologiyalaşdırılmışdır. Bununla belə, sovet rejiminin sərt ideoloji mühiti çərçivəsində də ideologiyadan uzaq, böyük çətinliklər bahasına olsa da məmləkətə və millətə xidmət edən əsl ədəbiyyat nümunələri yaranırdı. Mir Cəlal, İlyas Əfəndiyev, Ənvər Məmmədxanlı kimi yazıçılar həmin prosesdə daha sabit mövqeyə malik olan sənətkarlar kimi diqqəti cəlb edirdilər” (13,244). İ.Həbibbəyli Mir Cəlalın bədii yaradıcılığının “Cəlil Məmmədquluzadə və Əbdürrəhim bəy Haqverdiyev ənənələrinin yeni tarixi şəraitdəki davamı kimi səslənməsi”ni xüsusi şəkildə vurğulayır. Məhz həmin vurğu ədəbiyyatın surətlə ideologiyalaşdırıldığı dövrdə Mir Cəlalın nümayiş etdirdiyi “daha sabit mövqeyi”n məzmununa tam bir aydınlıq gətirir. Bu “sabit mövqe” onu sübut edir ki, görkəmli yazıçının yaradıcılığı milli nəsr ənənəsinə söykənir, ideologiyaya tam bir müqavimət ruhunda meydana çıxır. Mir Cəlalın yaradıcılığında ideologiyaya tam bir müqavimət ruhunun müstəqillik dövrünün elmi düşüncəsindəki açılışı belədir: “Müşahidə olunan qiymətli cəhətlərdən biri də bundan ibarətdir ki, Mir Cəlal Paşayevin əsərlərində ictimai-siyasi mövzular ideologiyadan qat-qat çox tarixi proseslərin təqdiminə yönləndirilmişdir. Yazıçı tarixi-siyasi mövzuda qələmə aldığı əsərlərində ideoloji prinsipləri deyil, gerçək həyatı və sıravi insanın taleyini əks etdirməyi ön mövqeyə çəkmişdir. Bu mənada Azərbaycanda sovet hökumətinin qurulmasına həsr olunmuş “Bir gəncin manifesti” povestində (1940) sosialist məfkurısi zahiri bir fondan başqa bir şey deyildr… Eyni fikir “Dirilən adam” romanına (1936) da aiddir” (13,245). Mir Cəlalın nəsrinə, o cümlədən “Dirilən adam”a çağdaş ədəbiyyatşünaslığın bu düzgün metodoloji yanaşmasından sonra 30-40-cı illər tənqdinin romanda müşahidə etdiyi qüsurların mahiyyətini daha dəqiq dəyərləndirmək mümkündür.
Tənqidin üzərində israrla dayandığı, romanın ideya-bədii qüsurları kimi ümumiləşdirdiyi cəhətləri – “əsərdə inqilabçı fəhlə sinfinin nümayəndələri olan Qiyas, Mirağa, Qarakişinin fəaliyyəti ümumi hadisələrlə yaxından bağlanmamışdır (14,505) (M.Cəfər), “depo fəhlələrinin həyatını, fəaliyyətini və mübarizəsini təsvir edən səhnə solğun çıxmışdır. Fəhlələrin mübariz bir sinif olaraq formalaşıb qabaqcıl inqilabi şüura yiyələnməsi ötəri göstərilmişdir” (15,326) (M.Əlioğlu) və bu kimi dövrün tənqidində dönə-dönə səslənən fikirləri romanın sənətkarlıq cəhətdən zəifliyi kimi qələmə verməyə tənqidi yanaşmanın vaxtı çoxdan çatmışdır. İndi birmənalı həqiqət kimi qəbul etmək lazımdır ki, tənqidçilərin inqilabi hərəkatın təsviri ilə bağlı romana tutduğu iradlar heç də müəllifin həyat hadisələrinə ötəri yanaşmasının, yaxud sənətkarlıq səriştəsinin çatışmazlığından irəli gələn cəhətlər deyildir. Məhz inqilab hadisələrinin romana ötəri daxil edilməsinin əsas səbəbini müəllif konsepsiyasında, sənətkarın konseptual mövqeyində, ədəbiyyatın sürətlə ideologiyalaşdırılması prosesinə müqavimətinin təzahürü kimi dəyər vermək lazım gəlir. “Dirilən adam”, “Bir gəncin manifesti”, “Açıq kitab” və digər əsərləri göstərir ki, Mir Cəlal sosialist realizminin “həyatı doğru-dürüst, tarixən konkret” şəkildə təsvir prinsipini realizmin tarixi ənənəsindən gələn prinsip kimi qəbul etmiş, həyat hadisələrini “inqilabi inkişafda” göstərmək prinsipini isə daxili bir etirazla qarşılamışdır. Inqilab hadisələrinin romandakı təsvirinin səthiliyi həmin daxili etirazın nəticələridir. Eyni zamanda, romanda kənd həyatına dair hadisələrin təfərrüatlı əksi, şəhər həyatının, başqa sözlə, inqilabın təsvirinin səthiliyi, yaxud fraqmentallığı, əlaqəsiz epizodlar şəklində təsviri bir qədər də stixial, təhtəlşüur gedir və iti realist qələmin həyatı müşahidələrə sədaqət, qeyri-həyatiliyə müqaviməti ilə də izah olunmalıdır.
Müasir ədəbiyyatşünaslıqda süjetə müdaxilə mənasında sosrealizmi maarifçi realizmlə müqayisə müstəvisinə gətirmək tendensiyası güclənməkdədir və burada müəyyən həqiqət vardır. Məsələ burasındadır ki, Qədirin və Qumrunun həyat yolu “tragik talelər” kontekstində romana gətirilib və bu kontekst son nəticədə qəhrəmanın (yaxud qəhrəmanların) real, həyati qələbəsinə heç bir psixoloji və ictimai əsas vermir. Əslində həyat hadisələrinə sədaqət mövqeyindən, Balzakın və Mirzə Cəlilin qəhrəmanları kimi Qədir və Qumru da “burjua cəmiyyətinin qurbanları” kimi təsvir edilməli idilər. Müəllif bu həqiqəti yaxşı bilir, bu həqiqətə mümkün qədər sadiq qalır, lakin həyat həqiqətinə sədaqəti sona qədər apara bilmir. “Həyatın doğru-dürüst, tarixən konkret” təsviri Mir Cəlalı acı həyat hadisələrini romana gətirməyə, insan və cəmiyyət problemi kontekstində mənalandırmağa imkan verir, lakin metodun hadisələri “inqilabi inkişaf”da göstərmək tələbi müəllif süjetə müdaxiləyə məcbur edir. Qədirlərin və Qumruların qələbəsinə heç bir ictmai-psixoloji əsas yox ikən, hadisələrin bütün cərəyanı qəhrəmanın cismani ölümünə aparırkən, realist təsvir cismani ölüm müqabilində ancaq mənəvi qələbəyə imkan verirkən qeyri-bərabər qüvvələrlə mübarizədə Qədirə qələbə şansı verilir. Məhz bu cəhət – qəhrəmanların ölüm-dirim mübarizəsindən qalib çıxması həyati proseslərin məntiqindən doğmur, müəllif son gedişi həyatı “inqilabi inkişaf”da göstəmək tələbinə güzəştə getməyə məcbur olur.
Romanda hadisələrin sonunun ideoloji mövqedən müdaxilə hesabına başa gəlsə də, bu cəhət romanın sonuna süni pafos versə də, bura qədər müəllif ona lazım olan sözü deyir, öz konsepsiyasını gerçəkləşdirə bilir. Patetik “yoldaşlar” ifadəsinə Qədirin dönə-dönə müraciəti də, “kəndimizə azadlıq xəbəri gətirmişəm” deyə Qumrunu müjdələməsi də tam bir ömür tragik tale yaşayan, bütün varlığı qədər sevib bağlandığı qızı Faxırənin ölümü ilə mənən ölən Qumrunun qələbəsinə heç bir əsas vermir.
“Dirilən adam”da müəllif konsepsiyası inqilab sujetinin fövqündə dayanır. Balzakda mövcud cəmiyyəti tənqid, ictimai quruluşun ünvanına deyilənlər onu inkara gətirib çıxarmadığı kimi, Mir Cəlalın da əsas hədəfi mövcud ictimai sistem deyildir. Balzak kimi, Mir Cəlal da mövcud siyasi sistemin fövqündə dayana bilir, öz estetik idealına bəşəri məzmun, məna verə bilir.
İstər Balzakda, istərsə də Mir Cəlalda “dirilən adam” süjetinə müraciət bəşəri bir ideyanın milli-tarixi məzmunda ifadəsinə xidmət edir. Bu ideyanın bütün məğzi və mətləbi insana verilən dəyərlə ölçülür. “Dirilən adam”da süjet xəttinin bütün inkişafı boyu bu ideya-konsepsiya yazıçının diqqət mərkəzində qalır.
İnsana humanist münasibət “dirilən adam” süjetinin bütün mahiyyətinə hopur. İlk növbədə, müəllif ideyası Qədir-Qumru ailəsinin heç bir insanlıq çərçivəsinə sığışmayan əməl və vasitələrlə dağılma prosesində gerçəkləşir. Müəllifin tifaqı dağılan ailənin üzvlərinin məsumluğunu, saflığını, xarakterlərinin milli-tarixi varlıqdan gələn ən davamlı ənənələrdən güc almasını ön plana çəkməsi baş verən hadisələrin sosial və fəci məzmununu qat-qat qüvvətləndirir. Mir Cəlalın insan konsepsiyası həm də onun vətəndaşlıq konsepsiyası kimi mənalanır. Qədir – Qumru səadətinə qarşı çıxanların öz məqsədlərinə çatmaq üçün heç bir çirkin hərəkətdən çəkinməməsi, Bəbir bəy və tərəfdarlarının çırkin niyyətlərini həyata keçirmək üçün ictimai mühitdən çox güclü dəstək almaları, bütövlükdə cəmiyyətin Qədirin tifaqını dağıtmaqda eyni nota köklənmələri ictimai əxlaqın pozulduğunu, milli və vətəndaş şüurunun səviyyəsizliyini nümayiş etdirir.
Mir Cəlal bütün məsələləri bir kənara qoyub əsas diqqəti insanın insana münasibəti üzərinə çəkir. Öz kəndçisinin, ellisinin ailəyə qayğı pərdəsi altında ailənin başçısını evindən didərgin salması, ailənin başsız qalmasından istifadə edərək Qumruya göz dikənlərin günü gündən çoxalması əxlaq müstəvisində cəmiyyətin qarşılaşdığı dəhşətli problemləri göz önünə gətirir.
Az qala bütöv bir cəmiyyət Qumrunun ərə getmək istəyib-istəməməsi ilə qətiyyən maraqlanmır, məsələnin bu tərəfi ümumiyyətlə cəmiyyətin düşüncə predmetinə daxil olmur, kəndin axundundan hacısına qədər, Çəpəl Sayalılara qədər hamını düşündürən tək bir məsələ var: Qumru – Bəbir bəy qarşılaşmasından öz mənafeyinə istifadə etmək. Mir Cəlalı bütün mənəvi dəyərlərə arxa çevirib ancaq maddi dünyaya köklənən insanın gələcəyi maraqlandırır. “Dirilən adam”da Qədir –Bəbir bəy, Qumru – Bəbir bəy qarşıdurması mənəviyə və maddiyə köklənən “dünya”ların üz-üzə gəlməsidir. Qədirlərin, Qumruların təklənməsi, Bəbir bəylərin hər gün daha sürətlə artan gücü cəmiyyətin düçar olduğu, üzbəüz qaldığı fəlakət kimi mənalanır. Cəmiyyətin maddiləşməsinin, bütün mənəvi olanlara arxa çevirmənin son nəticədə həmin cəmiyyətin özünü qurbana çevirəcəyi haqqında xəbərdarlığın mahiyyəti müəllif təhkiyəsində özünə yer alan bir rəvayətdə çox ciddi təfsirini tapır: “Cırcırlara” yaxınlaşdılar. Deyilənə görə, bura ən təhlükəli dərə idi. Suyu çoxdan qurumuşdu. Burada ədavətdən bir körpənin – südəmərin başı kəsildiyi üçün bulaq batmış, yaxın olan kənd dağılmış, quşlar da köçmüş, dərə ilan, əjdaha yuvası olmuşdu. Buradan keçən yolçular qorxudan kiriyir, dörd gözlə fəlakət gözləyirdilər” (16,28). Bu rəvayət, əslində, müəllifin insan konsepsiyasının pritça üsulu ilə ən yüksək fəlsəfi ifadəsi idi. Müəllif bu pritçada insana qeyri-insani münasibətin son aqibətini simvollaşdırmışdı. Bu simvolun “Dirilən adam”da cərəyan edən hadisələrlə birbaşa əlaqəsi əsərdə realist planda təsvirini tapan körpə Faxirənin dəhşətli ölüm səhnəsində reallaşır: “Gözünü qan tutmuş Bəbir bəy ağlayan uşağın qıçlarından tutub qaldırdı. Uşaq gözünü açdı, bəyə baxdı. Bu baxışla o dilsiz və köməksiz məxluq yalvarırdımı, atasınımı axtarırdı? Bu baxış qığılcım kimi söndü. Bəy, ovlanmış göyərçin kimi salladığı uşağı əlində yoxladı.
Çəpəl Sayalının sözü bəyin yadında bərkimiş, qaranlıq bir etiqada çevrilmişdi: “Uşaq var, qızın məhəbbəti uşağa keçmişdir. Yoxsa asandır. Səni istəməyib kimə gedəcək idi…”
Bəbir bəy uşağı qamışlıqdan çıxarıb suyun qırağına gətirdi. Qılçalarından bərk tutdu, başını tovladı. Havada tovlandıqca uşaq içini çəkir, kəsmə-kəsmə səs çıxarır, “ana!” deyirdi…
Bəbir bir də bərk tovladı. Uşaq qorxusundan hıçqırırdı. Ona nə ediləcəyini bilmirdi. Bəy uşağı var qüvvəsilə qaldırdı, daşa çırpdı. Uşağın başı əzildi. Nar kimi xışıldadı. Yazıq bir səs eşidildi. Uşağın burnundan, ağzından, qulaqlarından gələn qan bitkiləri, cücüləri, heyvanları sulamaq üçün axan suya boyandı” (16,127).
Huşunu itirmiş ananın ayılanda uşağının ölümü ilə bağlı gördüyü mənzərəni təfərrüatlı təsvirdən yazıçı imtina edir, bu dəhşəti təsəvvür etməyi oxucunun öz öhdəsinə buraxır. Mir Cəlal ən ağrılı sözünü bu dəhşətli mənzərənin təsviri ilə deyir. Bu təsvirdə əsas olan, oxucunu təsirləndirən və düşündürən insan təbiətinin mürəkkəbliyidir, ziddiyyətləridir. İnsanın təbiətində özünə yer alan bu vəhşiliyin, yırtıcılığın kökünün haradan qaynaqlanması haqqında düşüncələrdir. Bu düşüncələr romanın bəşəri məzmununu gücləndirməklə bərabər, fəlsəfəsini də açır. Əslində ölmüş ruhların dirilməsinə çağırış ideyası elə bu zaman gerçəkləşir.
Təyyar Salamoğlu
ADPU-nun professoru, Filologiya Elmlər Doktoru
SUBYEKT.AZ