![]()
Ağəliyev Əlisoltan Camal oğlu 1925-ci il yanvarın 12-də Quba rayonunun Susay kəndində kolxozçu ailəsində anadan olmuşdur. İbtidai təhsilini Xudat rayonunun Xudat kəndində almış, Quba şəhərində pedaqoji məktəbdə təhsilini davam etdirmişdir. Buranı 1943-cü ildə bitirmiş, bir il Xaçmaz rayonunun Seyidli kəndində müəllim olmuş, sonra ADU-nun şərqşünaslıq fakültəsinə daxil olmuşdur. 1948- ci ildə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Dil və Ədəbiyyat İnstitutunda biblioqraf vəzifəsində işləmişdir. 1950-ci ilduniversiteti bitirdikdən sonra elmi-tədqiqat institutunda kiçik elmi işçi vəzifəsinə dəyişdirilmişdir. “Azərbaycan gəncləri” qəzetinin ştatdankənar müxbiri kimi fəaliyyət göstərmiş, müasir əmək qəhrəmanlarından bəhs edən oçerk, məqalə və rus ədəbiyyatından tərcümələr çap etmişdir. Ədəbi yaradıcılığa 1940-cı illərdən başlamış, “Arzu gülü” adlı ilk şeiri “Kommunist” qəzetinin 12 iyul 1946-cı il tarixli sayında dərc edilmişdir. Ağəliyev Əlisoltan Camal oğlu 1982-ci il noyabrın 24-də 57 yaşında Bakıda vəfat etmişdir.
Əsərləri: “Toy paltarı” (1950), “Şeirlər” (1956), “Yaşıl işıqlar” (1956), “Tellər” (1965), “Xəzər duyğuları” (1973), “Qayıtmaq?.. mümkündür!” (1974), “Bir dəstə bənövşə” (1980), “Yaşadaq eşqimizi” (1981) və s.