![]()
Nəbi Xəzri öz şeirlərində xalqımızın həm qəhrəman keçmişini, həm də bugünkü həyatını və sabahını yüksək ustalıqla, fitri sənətkarlıqla tərənnüm edir. Öz şeirlərində və poemalarında şair cəmiyyətimizin inkişafı üçün, indiki nəslin tərbiyəsi üçün birinci dərəcəli əhəmiyyəti olan problemlər qaldırır. Həm də müəllifin mövqeyi həmişə aydın şəkildə bildirilir, onun xalqa bağlılığı, onlara sədaqətlə xidməti nümayiş etdirilir.
Heydər Əliyev,
Ümummilli lider
İnsan o vaxt xatırlanır ki, özündən sonra bir iz qoyub gedir. Nəbi Xəzri Azərbaycan ədəbiyyatında yüz illərlə yaşayacaq iz qoyub gedib. Fəlsəfi məzmunlu əsərləri ilə ədəbi aləmimizə özünəməxsus bir gözəllik bəxş edib…
Nəbi Xəzri geniş və hərtərəfli yaradıcılıq yolu keçıb. Bir şair olmaqla bərabər nasir, dramaturq, publisist və tərcüməçi kimi də şöhrət qazanıb. Bir çox orden və medallara, dövlət mükafatlarına, Azərbaycan Əməkdar incəsənət xadimi, Xalq şairi fəxri adlarına, Azərbaycan Respubliksının ali dövlət təltiflərinə “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülüb. Görkəmli şair ömrünün müdrik çağında 2007-ci il yanvarın 15-də Bakı şəhərində vəfat edib. Bəli, bu gün 100 illik yubileyini dövlət səviyyəsində qeyd etdiyimiz şair, dramaturq, tərcüməçi, ən önəmlisi isə gözəl insan Nəbi Xəzri yaradıcılığına bir daha nəzər etmiş olacağıq.
Azərbaycan ədəbiyyatı tarixində xüsusi və mühüm bir mərhələni təşkil edən XX və XXI əsrin milli ədəbi-mədəni mühitində müstəsna yer tutan, ədəbi-bədii prosesin istiqamətlənməsində və inkişafında əlamətdar rolu olan görkəmli ədəbi-tarixi- ictimai şəxsiyyətlərdən biri də şair, dramaturq, nasir, publisist, tərcüməçi kimi çoxcəhətli bir yaradıcılıq yolu keçən, özündən sonra olduqca maraqlı bir ədəbi irs qoyub gedən xalq şairi Nəbi Xəzridir. Azərbaycan gerçəkliyinin ictimai-siyasi, mənəvi-psixoloji mənzərəsini, tariximizin bir çox olaylarını, insanlığın duyğu və düşüncələrini əks etdirən N. Xəzri ədəbiyyat və mədəniyyət tariximizdə öz işıqlı düşüncə və əməlləri ilə müasirlərinə və özündən sonrakı nəsillərə əhəmiyyətli dərəcədə təsir etmiş görkəmli sənətkardır və şübhəsiz, Nəbi Xəzrinin yaradıcılığı sovet və müstəqillik dövrü Azərbaycan poeziyasının parlaq səhifələrindən birini təşkil edir. Altmış ildən artıq ədəbiyyata xidmət etmiş şairin əsərləri mövzu dairəsinin genişliyi və rəngarəngliyi ilə səciyyələnir. İnsanın mənəvi aləmini, düşüncə və axtarışlarını yüksək bədiiliklə əks etdirən və bəşəriliklə milliliyi üzvi şəkildə birləşdirən Nəbi Xəzri poeziyası dünya, insan və təbiət haqqında fəlsəfi məzmunu, yüksək humanizmi, böyük vətəndaşlıq qayəsi və milli koloriti sayəsində geniş oxucu kütləsinin rəğbətini qazanmışdır. Zərif duyğular, incə hisslər, aylı, günəşli, ulduzlu düşüncələr, sevgililəri öz sahilinə səsləyən mavi dəniz, üstündə mavi səma, bir sözlə, nə varsa maviliyə bürünmüş bir poeziya örnəyi… Rəngarəng hisslər, duyğular dünyasında poeziyanın mavi rəngi. Bu, məhəbbətin-işığın-dənizin rəngi idi, ünvanı Nəbi Xəzri şeiriydi. Bu, son illərin, deyərdim ki, bütün zamanların ictimai-siyasi-mənəvi-ruhi burulğanlarından keçəcək mavi tülə bürünmüş Nəbi Xəzri poeziyasının mavi şəfəqləridir… Şahidi olduq, ictimai-siyasi iqlim dəyişdikcə şairlər də dəyişirdilər… Unuduldu ki, şairliyin ən ali mərtəbəsi zamanın axarınca getmək yox, bəlkə zamandan ucada durmaqdadır. Nəbi Xəzri şeiri lap əvvəldən zamanın fövqündə dayana bildi:
Şeir mənim üçün bir kainatdır,
Onun ulduzları, günəşləri var.
Şeir mənim üçün sirli həyatdır,
Onun öz sevinci, öz kədəri var.
Nəbi Xəzri 1924-cü il dekabrın 10-da Bakı şəhəri yaxınlığındakı Xırdalan kəndində tacir ailəsində anadan olmuşdur. Atası Kərbəlayi Ələkbər Baba oğlu (1873-1933) kəndin tanınmış tacirlərindən olub. Bir ilin içində üç oğlunun vəfatına dözməyib həmin il özü də dünyasını dəyişmişdir. Anası Pərixanım Cəfər qızı (1882-1969) evdar qadın idi. Orta məktəbi bitirib əmək fəaliyyətinə başlayan Nəbi Xəzri 1942- 1943- cü illərdə İkinci dünya müharibəsində arxa cəbhədə iştirak etmiş, ordudan tərxis olunduqdan sonra isə 1943 -1945-ci illərdə “Kommunist” qəzeti redaksiyasında korrektor və Azərbaycan radiosunda diktor vəzifələrində çalışmışdır. Uşaqlıq illərindən şair olmaq istəmişdir. “Günəş” adlı ilk şeirinini 16 yaşında qələmə almışdı. Bu şeir sanki Günəş kimi onun yaradıcılıq yoluna işıq salır. 20 yaşında isə bir müsabiqədə gənc şairin oxuduğu şeir böyük ürək sahibi Səməd Vurğunun nəzərindən qaçmır, istedadını kəşf edir və onu təkidlə 1945-ci ildə Yazıçılar İttifaqına üzvlüyə keçirir. “Çiçəklənən arzular” adlı ilk şerlər kitabı 1950-ci ildə çap olunur. O, 1945-1947-ci illərdə Azərbaycan Düvlət Universitetində , 1947 -1949 -cu illərdə Leninqrad Dövlət Universitetində, 1949-1952 -ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil almış, istedadına görə, o dövrün Moskva və Ümumittifaq ədəbi mühitində hər kəsə müyəssər olmayan bir tanıtım sahibi olmuşdur. Bakı, Abşeron torpağının yetirməsi kimi Dənizi hədsiz sevdiyindən, xəzri küləyinin də insanlara dəniz ətrini bəxş etdiyinə görə 1958-ci ildə “Xəzri” təxəllüsü götürmüşdür. 1952 -ci ildə təhsilini başa vuran Nəbi Xəzri 1957-ci ilədək Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi, 1957- 1958-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında ədəbi işçi olmuşdur. O, 1958 -1965 -ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi, 1965-1971-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin, 1971-1974-cü illərdə isə Azərbaycan mədəniyyət nazirinin müavini vəzifələrində işləmişdir. 1974-cü ildən etibarən Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin Rəyasət heyətinə sədrlik edən Nəbi Xəzri 1992-ci ildən “Azərbaycan Dünyası” Beynəlxalq Əlaqələr Mərkəzi adı altında fəaliyyət göstərən həmin təşkilatın prezidenti olmuşdur. Nəbi Xəzri 2007 -ci ilin yanvar ayının 15-də səhər saat 10:45-də kəskin işemik insultdan vəfat etmiş və 16 yanvar tarixində 1-ci Fəxri Xiyabanda dəfn edilmişdir.”
Nəbi Xəzri poeziyasında zamanın harmoniyası kamil şəkildə əksini tapırdı. Dünən və bu gün, tarixilik və müasirlik, ən ağrılı anlarda gələcəyə nikbin bağlılıq, ölümdə belə ölümsüzlük görmək, kövrək, incə notlar, həssaslıq onun poezyasının ruhunu təşkil edir. Başqa sözlə, Nəbi Xəzri Müstəqillik illərinin ağrılı keçid dövründə, ictimai-siyasi kataklizmlərində belə, yolundan sapmadı, susqun olub durmadı, yüksək Vətənpərvərlik və Vətəndaşlıq poeziyasına sadiq qaldı, Səməd Vurğun ədəbi məktəbinin ləyaqətli davamçısı kimi, “Əyilməz vicdanın böyük heykəli!” amalını uca tutdu! Dünya çalxalandı, sistemlər dəyişdi, ədəbi-əzəli meyarlar laxladı, ədəbi mühitdə bir çaxnaşma düşdü, amma Nəbi Xəzri poeziyasındakı Çinar obrazı kimi əzəmətini itirmədi, Meydan hərəkatı, 20 yanvar qırğını, Qarabağ işğalı zamanı qələmi ilə xalqının yanında oldu, haqqa söykəndi, oxucusunu İnsanla Zaman arasındakı əzəli-əbədi harmoniyaya səslədi, disharmoniyaya uymadı və bu gün də, bu poeziya ilə təmasda olanlar bu dinamizmi aydın hiss edirlər…
Nəbi Xəzrinin yaradıcılığı avtonom ölçülərə, sərhədlərə sığmır, onun mövzularının üfüqləri genişdir. Bəşəriliklə, millilik onun poeziyasının ana xəttindən birini təşkil edir. Nəbi Xəzri dövrünün ən intellektual ziyalısı, qürurlu şair şəxsiyyətinə sahib bir insan idi. “Şəxs və şəxsiyyət” (1999) şeirində yazırdı: “Şəxsiyyət qələmi yazır şeiri də, Şəxsiyyət yoxdursa şeir də yoxdur!” – postulatı onun poetic kredosu idi!
Nəbi Xəzri öz şeirlərində yalnız Azərbaycanın deyil, dünya xalqlarının dərdlərini qələmə almışdır. Şairin poeziyasının əsasında insan konsepsiyası durur. Bu insan dünyanın hər bir ölkəsində insandır. Müasir dövrdə Yer kürəsi eyni dərdlərlə çırpınır. Ona görə də Nəbi Xəzri hər hansı bir xarici dünyanı qələmə alanda, hər hansı bir xarici ölkədən yazanda da, orada Azərbaycanı görür, incə və zərif lirika, mənalı təbiət mənzərələri, fəlsəfi düşüncələr, vətəndaşlıq pafosu ilə aşılanmış etiraflar bir-birinə qovuşur, bir-birini tamamlayaraq zəngin və bütöv poetik obraz, bədii panoram yaradır. Şair nədən yazırsa-yazsın, onun şerinin ruhu, canı, mayası Azərbaycandır. Hətta uzaq mətləblərə toxunanda, başqa elləri təsvir edəndə də misraların arxasından ana yurd boylanır, ana torpağın nəbzi, nəfəsi duyulur:
Dünyalar içində bir ayrı dünyam –
Azərbaycan!
Yuxusuz ömrümdə bir sirli röyam –
Azərbaycan!
Sonsuz kainatda təkcəm, yeganəm –
Azərbaycan!
Nəbi Xəzri təkcə Dəniz, Göy, Məhəbbət şairi deyildi. O, bu yurda, bu torpağa, bu məmləkətə, onun qanla yazılan tarixinə, XX əsr gerçəkliyinə, həm də Dədə Qorqud dünyasına bağlı bir şairdi. “Əfsanəli yuxular” poemasında, “Torpağa sancılan qılınc” pyesində o, Dədə Qorqud dastanlarına müraciət etmiş, qədim-mifik tariximizə müasir dünyamızdan boylanmışdı. N.Xəzri türk bahadırı
Atilla və onun igidliyi haqqında poema yazmışdı, dinimizin, islamçılığın yaradıcısı Məhəmmədi “Peyğəmbər” əsərində mədh etmişdi. Oxucular səhnəyə daxil olur.
“Dəniz, göy, məhəbbət” şeirini söyləyirlər.
– Dənizi hədiyyə verirəm sənə…
Mən dedim, sən baxdın, sən gülümsədin.
Göylərin şəfəqi düşdü üzünə.
– Mən isə… göyləri verirəm, – dedin…
O, həm də dramaturq, nasir və publisist idi. Doğrudur, Nəbi Xəzri deyəndə dərhal gözlərimiz qarşısında bir ŞAİR obrazı canlanır. Amma bu ŞAİR obrazı onun nəsrində, dramaturgiyasında və publisistikasında da öz sözünü deyir.
Nəbi Xəzri görkəmli ictimai xadim idi. Əməkdar İncəsənət xadimi, SSRİ Dövlət Mükafatı laureatı, Ümumittifaq Lenin Komsomolu mükafatı laureatı, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycanın Xalq şairi.. bunlar onun halallıqla qazandığı mükafatlar, fəxri adlar idi. Azərbaycan Yazıçılar İttifaqının katibi, Radio və Televiziya Verilişləri komitəsinin sədr müavini, Mədəniyyət nazirinin müavini, Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr cəmiyyəti rəyasət heyətinin sədri – bir sözlə, ömrünün çox hissəsini də vəzifədə olmuşdu. Beləliklə, xoşbəxt taleli sənətkar idi Nəbi Xəzri. Oxucular Nəbi Xəzrinin “Baharlı yurdum” şeiri ilə tədbiri tamamlıyırlar.
Ey, əzizanam, Azərbaycan!
Sənə bağlıyam, Azərbaycan!
Ömrümün mənasısan,
Qardaşlıq dünyasısan,
Anamın anasısan, Azərbaycan…
Tanınmış ictimai xadim və görkəmli şair Nəbi Xəzri Qəbrimə doğum yox, ölüm ili yox, Qəbrimə sevdiyim illər yazılsın deyə söyləmişdir. Nəbi Xəzrinin əziz xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaqdır.

Rövşən Hüseynov,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Subyekt.az xəbər portalının təsisçi-baş redaktoru
#Xalqşairi #NəbiXəzri #Ədəbiyyat #Unudulmazlar
Subyekt.az