![]()
Azərbaycan Respublikası müasir müstəqillik tarixinin olduqca mühüm mərhələlərini yaşamaqdadır. Burada, ərazi bütövlüyünü və suverenliyini təmin etmiş, mili iqtisadiyyatının uzunmüddətli perspektivlərinin daha da əlçatan olması sahəsində dinamik islahatları uğurla davam etdirən və dünya iqtisadiyyatına töhvə verməkdədir. Təbii olaraq, istər neft, istər qeyri-neft sektorlarının davamlı və əlaqəli inkişafı sahəsində dayanıqlı inkişafı ilə dünya enerji xəritəsinə yeni yön vermişdir. COP29 isə ölkəmizin yeni bir keyfiyyət mərhələsi üzrə dünya miqyaslı möhtəşəm bir tədbirə ev sahibliyi etməsinin gerçək ifadəsi olmaqdadır. 196 ölkənin və qeydiyyatdan keçmiş 72000 iştirakçının təmsil olunduğu bu tədbir, Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) olaraq hər il keçirilməkdədir. 2024-cü ilin 11-22 noyabr tarixlərində onun Azərbaycanın Paytaxtı Bakı şəhərində keçirilməsi, ölkəmizin müvafiq istiqamət üzrə beynəlxalq münasibətlər sistemindəki yerinin, nüfuzunun və mövqeyinin olduqca yüksək göstəricisi olmaqdadır. COP29 çoxistiqamətli iqtisadi üstünlüklərinə görə xarakterizə oluna bilər:
– Hər şeydən əvvəl, ölkəmizin etibarlı dostluq və tərəfdaşlıq sahəsindəki keyfiyyətlərini ifadə etməklə, bundan həm də, humanizm dəyərləri çərçivəsində istifadə etdiyini göstərməkdədir. Tədbir boyunca ölkəmizdə olan ölkələrin hər birinin rəhbəri və nümayəndəsi, ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə və müstəqilliyinə tərəfdar çıxdıqlarının olduqca gerçək ifadəsi olmaqdadır. Eyni zamanda, bu, işğaldan azad olunan ərazilərimizin yenidən qurulmasına, yeni iqtisadi reallıqlarına və həyata keçirmiş olduğu layihələrə tam dəstək olduqlarını ifadə etməkdədir;
– Eyni zamanda, müəllifi olduğu layihələrin tərəfdaş ölkələrin milli iqtisadiyyatları üçün səmərəli olacağını bir daha ortaya qoymaqdadır. Bununla, bir daha sübut olunur ki, ölkəmizin dünyanın enerji layihələrinə vermiş olduğu yeni nəfəs ölkəmizə yeni tərəfdaşlar və dostlar qazandırmış olacaq. Bu isə, təbii olaraq, milli iqtisadi quruculuq proseslərinin daha dinamik əsaslarla davamlı olmasına təminat yaradacaq;
– Digər tərəfdən, COP29-un keçirilməsi zamanı ölkəmizə gələcək 80 min civarındakı qonağın turizm sektorunun inkişafı üçün yaradacağı perspektivlər olduqca əhəmiyyətlidir. Məhz bu tədbir makroiqtisadi zəmində istehsal və xidmət sektorlarının dayanıqlığını göstərmiş olacaq; – Bununla yanaşı, ölkənin infrastruktur təsisatlarının etibarlılığını göstərəcək ki, burada da, nəqliyyat, ticarət, kommunikasiya, rabitə, tikinti və digər sahələrin təkmil potensiala malik olduğu özünü göstərmiş olacaq;
– Sosial-iqtisadi inkişaf üzrə Milli Prioritetlərin əlçatan olmasına və qarşıdakı mərhələlər üzrə iqtisadi sahədə daha perspektivli sahələr üzrə əməkdaşlıqların yaradılması üçün zəmin yaranmış olacaq və s. Azərbaycan Respublikası uzun illərə dayanan təcrübəsi ilə, iqlim müzakirələrinə başçılıq edəcəkdir. Bu tədbirdə ölkəmizin qonaqpərvərliyini ortaya qoyacaq. Fikrimizcə, COP29-un başlanmasından onun bitməsinə qədər olacaq on gündən artıq bir müddət başdan başa uğurlu olacaqdır. Çünki, əsasları xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən uzaqgörənliklə müəyyən olunan çoxistiqaməli makroiqtisadi inkişaf siyasəti, bu gün, dövlət başçısı, cənab İlham Əliyev tərəfindən daha da zənginləşdirilməklə davam etdirilməkdə və dünya iqtisadiyyatına bu əsasda inteqrasiya olunmaqdadır. Buna görə də, COP29-un keçirilməsi zamanı ölkəmizdə olacaq ölkələr və qonaqlar, məhz bu dəyərlər barəsində kifayət qədər məlumatlıdırlar. Qarşılıqlı əməkdaşlıqlar da elə məhz bu dayaqlar üzərində qurulmuşdur. Eyni zamanda, dünya ölkələrin və iqtisadiyyatı artıq yeni problemlərlə üzləşməkdədir. Bu da, təbii olaraq, dünya iqtisadiyyatının bir hissəsi olan Azərbaycanın da beynəlxalq aləmin tərkib hissəsi olaraq iqlim dəyişikliyinin ilə üz-üzə qalması ilə müşayiət olunmaqdadır. Təbii olaraq, bu problem, çaylarda və Xəzər dənizində suyun azalması, səhralaşma kimi problemləri də əhatə etməkdədir. Ölkəmiz COP29-a ev sahibliyi etməklə, bu qlobal problemin aradan qaldırılması işlərində də, ideya müəllifi olaraq çıxış edir və iştirakçı ölkələr tərəfindən də dəstək almış olur. Azərbaycanın COP29-a evsahibliyi mandatı çərçivəsində bütün iştirakçı tərəflərlə danışıqlar prosesinə şəffaflıq, inklüzivlik və neytrallıq prizmasından yanaşdığını vurğulayan COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bildirdi ki, COP29 danışıqlarının əsas mövzuları, o cümlədən iqlim maliyyələşməsi bütün tərəflərlə əhatəli şəkildə müzakirə olunur, danışıqların uğurlu nəticələnməsi üçün mümkün həll yolları üzərində fəal iş aparılır. Məlumdur ki, dövlət başçısı tərəfindən işğaldan azad olunan ərazilər, xüsusilə də, Qarabağ və Şərqi Zəngəzur “Yaşıl Enerji Zonası” olaraq elan olunmuşdur. Azad olunan ərazilərin təsdiq olunan potensialı ümumilikdə, 9200 Meqavat dəyərləndirilir. Bunun, 7200 meqavatı Günəş, 2000 meqavatı isə külək enerjisindən ibarət olmaqdadır. Məhz iqtisadi inkişafın indiki mərhələsində ölkəmizdə məqsədyönlü iqtisadi siyasətin həyata keçirilməsi, tarazlı iqtisadiyyatın güclü təsisatlarıın yaradılması, regional iqtisadi inkişafla “Yaşıl iqtisadiyyat” proseslərinin paralel şəkildə olmaqla, həyata keçirilməsi səmərəliliyinə görə seçilmiş olacaq. “Yaşıl iqtisadiyyat” sırf təbiətlə cəmiyyət arasındakı məqsədyönlü və düşünülmüş iqtisadi istehsal münasibətlərini nəzərdə tutur ki, burada da, ölkəmiz COP29-da iştirak edən ölkələrə və dünyaya daha əlverişli çıxış yollarını təklif etməkdədir. İlkin olaraq, tarazlı iqtisadiyyat anlayışında da olduğu kimi, cəmiyyət üzvlərinin artan təlabatlarının qarşılanmasında məhdud olan təbiət resurslarından elə istifadə olunmasını nəzərdə tutur ki, burada da, hazırkı mərhələdə cəmiyyət üzvlərinin təlabatları ödənilsin, bu şərtlə ki, gələcək nəsillərin də artan təlabatlarının ödənilməsinə risk və təhdid yaranmasın. Bildirmək olar ki, Qarabağın, Şərqi Zəngəzurun və Naxçıvanın yaşıl enerji bölgələri olaraq, dəyərləndirilməsi sahəsində ölkəmizdə çoxşaxəli proseslər davam etdirilir. Həmin sferada, beynəlxalq sahədəki tərəfdaşlarla, həmçinin Böyük Britaniyanın bp, Səudiyyə Ərəbistanının “ACWA Power”, Çinin “China Gezhouba Group Overseas Investment” şirkətləri ilə olduqca səmərəli fəaliyyət reallaşdırılmaqdadır. Günəş işığı, külək və su kimi təbii resurslardan yararlanmaqla,bərpaolunan enerji avadanlıqları bərpa olunmayan mənbələrdən asılılığı aradanqaldırır və iqlim dəyişikliyinin təsirlərini minimuma endirməyə dəstək olur. Ölkəmiz elə əslində 1994-cü ildən etibarən, COP29-un keçirilməsinə hazırlıq işlərinə start vermişdir. Belə ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində təbiət resurslarına məqsədyönlü yanaşma ortaya qoyulmuş və “Əsrin Müqaviləsi”nin imzalanması ilə neft sahəsində təbii ehtiyatlar düzgün qiymətləndirilmişdir. Eyni zamanda, hazırda, ölkəmiz təbiət resurslarının digər bir hissəsi olan qaz yataqlarından da məhsuldar proseslər üçün istifadə etməkdə, hımçinin, TANAP və TAP layihələrinin bütövlükdə dünya iqtisadiyyatına vermiş olduğu töhfələrlə bunu sübut etməkdədir. Milli iqtisadi inkişaf üzrə proseslərin gedişi göstərir ki, ölkəmiz istər neft, istərsə də qeyri-neft bölmələrinin inkişaf perspektivlərini müəyyən etməklə, təbiət resurslarından olduqca səmərəli istifadə etməkdədir. Bu, həm malik olduğu social dayanıqlılıq mahiyyətinə görə seçilir və həm də iqtisadi inkişaf sahəsindəki aktuallığı ilə fərqlənməkdədir. Bütün bunları, COP29-da iştirak edən ölkələrin rəhbərləri və nümayəndə heyətləri də təsdiq etməkdə idi. Dövlət başçımızın görüş keçirdiyi İslam İnkişaf Bankının prezidenti, Maldiv Prezidenti, Yəmənin vitse-prezidenti, Nepal prezidenti, Efiopiya prezidenti, Avropa Şurasının Baş Katibi, Beynəlxalq Vatyuta Fondunun Sərəncamçı direktoru, Çinin Baş nazirinin müavini, Rusiya hökumətinin Sədri, Pakistanın Baş naziri, Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti,Özbəkistan prezidenti, Türkiyə prezidenti, BMT-nin Baş katibi, Belarus prezidenti və digər rəsmi şəxslər, ölkəmizin COP29-a hazırlıq mərhələsi üzrə keçdiyi inkişaf yoluna tam dəstək verdilər. Görüşlərdə, eyni zamanda, ölkəmizlə qarşılıqlı iqtisadi münasibətlərin bundan sonrakı mərhələsində, daha perspektivli layihələrdən söz açılmışdır.
Müzəffər Ali Baş Komandanımız qalib ölkənin qürurverici rəhbəri olaraq, COP29- un keçirilməsində yalnız iqtisadi inkişafın, sosial dayanıqlılığın, mədəni və hüquqi təminatların, milli dövlətçilik siyasətinin, humanizm dəyərlərinin hər zaman üstün tutulmasına tərəfdar çıxdığını və bunu təmin etdiyini bir daha sübut etmiş oldu. Bir sözlə, COP29, ölkəmizin milli iqtisadiyyatın əsas istiqamətlərinin güclü dayaqlar üzərində təşəkkül tapdığını göstərməkdədir. İstənilən ölkə üçün bu amil yüksək rəğbətlə qarşılanacaq faktdır.
Cavadxan Qasımov
Naxçıvan Dövlət Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru
Subyekt.az