![]()
Bu gün artıq tarixə yalnız hərbi qələbə günü kimi deyil, həm də yenidənqurma, doğma yurda dönüş, dirçəliş iradəsinin simvolu kimi yazılıb. 8 Noyabr — Zəfər Bayramı xalqımızın əsrlər boyu çəkdiyi həsrətin, millətimizin qürur və ləyaqətinin təcəssümüdür.
Mən də bu Zəfərin mənəvi yükünü özüm üçün yalnız duymaqla deyil, onu yaşatmaqla şərəf sayıram. Qarabağ Dirçəliş Fonduna bu dəfəki ianəm mənfur düşmənin yandırıb külə çevirdiyi, lakin ruhən sarsıda bilmədiyi Qarabağ təbiətinin yenidən dirçəldilməsi üçündür. Mən 32 ağac bağışladım — 32 nəfəs, 32 ümid kökü…
Bu ağaclar təkcə torpağa kök salmayacaq — onlar bizim Vətən sevgimizin, səbrimizin və dönməzliyimizin köküdür. Onlar doğulduğum Kəlbəcərin külə dönmüş yamaclarında yenidən yaşıl nəfəsə çevriləcək, Qarabağın sıldırım qayaları arasında dirçəlişin rəmzi olacaq.
Biz bu torpağı ancaq sevgi ilə dirçəldə bilərik.
Bu torpağa bizdən başqa heç kəs sahib çıxmayacaq.
Qarabağı biz bərpa etməsək – kim edəcək?
Hər bir azərbaycanlı bu müqəddəs işdə öz payını verməlidir. Bəzimiz ağac əkəcəyik, bəzimiz ev tikəcəyik, bəzimiz maarifləndirəcəyik, bəzimiz sadəcə dua edəcəyik – amma hamımız bir amal uğrunda birləşəcəyik. Çünki burası bizim kökümüz, nəfəsimiz, tariximiz və gələcəyimizdir.
Şəhidlərimiz canları ilə torpağı azad etdilər,
biz isə o torpağı cənnətə çevirməklə onların ruhuna səcdə etməliyik.
Bu yol bizim şərəf missiyamızdır.
Bu yol Azərbaycanın dirçəliş yoludur.
Zəfər Bayramın mübarək, Azərbaycan!

Rövşən Hüseynli
Subyekt.az