Əzizimiz Həsən bəy, gəl, sən heç narahat olma! İndi jurnal çıxartmaq, qəzet çap etdirmək çox asandır. Kim istəyir bir mətbəə açır, qəzet, jurnal, kitab yazır.
İndi millətimizin oxuma, yazma bilməyəni qalmayıb. Hətta , kəndlərimizdə də təhsil ocaqları tikilib, ayaq izi dəyməyən ucqar dağ obalarında elm öyrədən vicdanlı müəllimlərimiz var. Mirzə Fətəli Axundov gileylənirdi: “Bizim əzizimiz və gözümüzün işığı Həsən bəy, şikayət edirsən ki, sənin qəzetini alan yoxdur. Sözün çox hesabı, kim alsın? Bir haldaki, şəhərdə və kəndlərdə, obalarda xanzadəmiz, bəyzadəmiz, sövdəgərzadəmiz, əkinçilərimiz, sərkarlarımız, çobanlarımız oxumaq və yazmaq bilmirlər. Onlar qəzeti alıb neyləsinlər?”…
Əzizimiz Axundov, artıq bizim də çobanlarımız rus çobanları kimi oxumaq, yazmaq bilir, hətta aralarında universitet bitirənləri də var.
Həsən bəy, nigaran qalma, indi təkcə bəylərin yox, əhalimizin yarı faizindən çoxunun qəzet almağa vəsaiti var. Qəzet də var, yazan da var, oxuyabilən də, fəqət acı həqiqətdir ki, qəzet alanlar azdır. Bir –iki idarə, müəssisə , təşkilatlar abunə olmasa rəngli kağızları göz oxşayan qəzetlər elə piştaxtalarda qalar.
“Maarifdən , elmdən məhrum olan xalq işıqdan məhrumdur” deyə oyatdığınız maarifçilik ideyaları elə kök salıb ki, İşığımız gur yanır. Tələbələrimiz dünyanın ən məşhur universitetlərində təhsil ala bilir.
“Adam yazıb oxumağı bir tək məktəbxanada öyrənməz, məktəbxana işin ibtidası üçündür. Gərək qəzetlər, kitablar, jurnallar olsun ki, onları oxumaqla elm və savad kəsb olunsun” (Həsən bəy Zərdabi sözü)
Bu sözlərlə rüşeym atılan milli mətbuatımız illər sonra “Mətbuat demokratiyanı dərinləşdirən, siyasi inkişafa təkan verən qüdrətli vasitədir” deyən Ümummili liderimiz Heydər Əliyevin sözləri, əməlləri ilə özünə yeni inkişaf yolu seçdi. Mənəvi xəzinəmiz olan Azərbaycan Respublikası Milli Arxiv Fondunun tərkibini araşdırdıqda keçmişin dövrü mətbuatı ilə bu günkü və Sovet dönəmində olan mətbuatı müqayisə etmək imkanımız var. 149 illik yolun bütün çalarlarını özündə saxlayan arxivlərimiz saxlanc yerimizdir. Arxivdə mühafizə olunan “Əkinçi”, “Molla Nəsrəddin”, “Fyuzat”, “Azərbaycan, “Şərqi Rus”, “Bakı”, “Yeni Füyuzat”, “İrşad”, “Tərəqqi”, “Dəbistan” və s. qəzet və jurnallar tarixi əsərlərə çevrilib. Həsən bəy Zərdabilər, Cəlil Məmmədquluzadələr, Üzeyir Hacıbəylilər, Nəriman Nərimanovlar, Əhməd bəy Ağaoğlular və digərləri hər cür mətbuatı qəbul etməyib, millətin əməkçi insanına, milli azadlıq hərəkatına, beynəlxalq aləmdəki nüfuzuna xidmət edərək haqsızlığa, rəzalətə, yaltaqlığa çevrilən mətbuat nümunələrini tənqid ediblər. Sovet dönəmində bəzi təsirlərə məruz qalsa da,
Heydər Əliyevin qayıdışından sonra hər bir sahəyə olduğu kimi, mətbuata da xüsusi diqqət və qayğı göstərilməyə başlanıldı. Ulu Öndərin 1998-ci ilin avqustunda imzaladığı xüsusi Sərəncamla Azərbaycanda mətbuat üzərindən senzuranın aradan qaldırılması, 1999-cu ildə “KİV haqqında ” Azərbaycan Respublikasının qanununun, digər normativ hüquqi aktların qəbulu, milli mətbuatımızı daha da cücərtdi.
… Hörmətli Həsən bəy, Sizin zamanlarda kənar qüvvələrin məhdudlaşdırdığı mətbuatımız vardı, bu gün isə dünya mətbuatının gündəmindən düşməyən güclü sərkərdəmiz- İlham Əliyev kimi rəqibsiz liderimiz, qol gücü ilə Vətəni xilas edən Şuşa fatehlərimiz var. İndi suveren dövlətimiz, güclü ordumuz səs salıb dünyaya. Sizin qarış-qarış gəzdiyiniz ata-baba torpaqlarımızda – Şuşada 50 ölkənin media təmsilçisi liderimiizin başına toplandı. Kıbrıs barış hərəkatının 50-ci yüz illiyində Dünyaya Azərbaycandan barış şüarı yayıldı. Burada səsləndirilən çağırışlar qalib Azərbaycanın yaratdığı reallıqların dünyaya təqdimatı oldu. Şuşada keçirilən Beynəlxalq Media Forumu Azərbaycan mediası üçün tarixi hadisədir.
Arxiv fondumuzdan Cəlil Məmmədquluzadənin Həmidə xanıma (həyat yoldaşı) yazdığı məktubu oxuyuruq:
… Əzizim Həmidə, gəl , sən heç narahat olma! Ümidvaram ki, üzümüzə gələn ildə jurnalın işlərini yoluna salacağam, dünən Zeynal teleqramla Yessentukiyə 120 nüsxə göndərməyi tələb eləyib. Bilmirəm o bu qədər jurnalı orada necə satacaq. Kağızımı alan kimi mənə cavab yaz. Xudahafiz. Cəlil.
7 iyul 1914 Tiflis. (Az.Respublikası Dövlət Ədəbiyyat İncəsənət Arxivi, Fond 255)
Əzizimiz Mirzə Cəlil , gəl, sən də heç narahat olma! Bu gün qəzet alanlarımız az olsa da, bu gün azad mətbuatımız var. Milli mətbuatımız illər keçdikcə daha da büllurlaşacaq. Biz arxivçilər Milli mətbuatımızın dünənini, bu gününü gələcək nəsillərə çatdırmaq üçün daha fəal çalışmalıyıq. Bu bizim müqəddəs borcumuzdur.
Əzizimiz Həsən bəy, işığımız qabaqdadır.
Mətbuat günümüz kutlu olsun!
Nəsibə Nəsib qızı Məmmədova
Dövlət Arxivinin Şirvan filialının direktoru
Subyekt.az