Hər bir millət üçün fəxr olunası haldır ki, mənsub olduğu ölkə tarixində unudulmaz şəxslər yaşayıb, yaradıb. Elə şəxslər ki, xalqı qarşısındakı xidmətləri əvəzolunmazdır. Məhz belə insanlardan biri də görkəmli akademik Zərifə xanım Əliyevadır.
Zərifə xanım xalqın yaddaşında novator və istedadlı alim, bilikli və bacarıqlı həkim, tanınmış ictimai xadim, gözəl və qayğıkeş ana kimi qalmışdır. Bu görkəmli şəxsiyyət dövrünün ən tanınmış ziyalı ailələrinin birində dünyaya göz açmışdı. Zərifə xanımın dünyaya gəldiyi ailədə bütün yüksək əxlaqi keyfiyyətlər nəsildən-nəslə irsi olaraq keçmişdi. Azərbaycanın görkəmli ictimai xadimlərindən olan akademik Əziz Əliyev övladlarını mənəvi təmizliyə, paklığa öyrətmiş, milli-ənənələr üzərində tərbiyə etmişdi. Uşaqlıqdan bu gözəl ailədə yiyələndiyi xüsusiyyətlər bütün həyatı boyu Zərifə xanıma çox kömək etmişdi. Bu nəciblik ona sanki ailəsindən miras qalmışdı. Zərifə xanım təmkinli, səbirli, dözümlü qadın olaraq biliyi, bacarığı, müdrik söhbətləri, səmimi, xoş rəftarı, ətrafındakılara mərhəməti ilə hamının rəğbətini qazanmışdı.
Dünya oftalmologiya elminə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanın zəngin elmi irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb
elminin parlaq səhifələrini təşkil edir. Görkəmli alimin keçdiyi şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.
Görkəmli elm xadimi, akademik Zərifə xanım Əliyevanın
unudulmaz xatirəsi insanları daim öz işığına toplayır, həyat
yolumuza, elmimizə, təhsilimizə sanki sönməyən çıraq tutur.
Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi hər kəsə bəlli bir nümunəvi yoldur. Onun olduqca zəngin və şaxəli həyat
yolu bir çox istiqamətlərdə özünü büruzə verir. Bu həyat yoluna nəzər saldıqda bitib-tükənməyən arzulara doğru yol açan ömrün gözəlliyi diqqəti cəlb edir. Bir ana ömrü, tədqiqatçı ömrü, həkim ömrü, alim ömrü və ömürlərə sığmayan bənzərsiz şəxsiyyət ömrü. Bu keyfiyyətlər və dəyərlər məhz şəxsiyyət olaraq ziyalının ömrünə işıq saçmışdır. Zərifə xanım incə, zərif duyğuların vəhdətində Azərbaycan xanımına məxsus olan çalarlı bir ömrünü yazılı salnamələrdə əks etdirdi. Onun ömür işığında qaranlıq dünyalara şəfa verildi.
Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Görkəmli alim, ictimai xadim, Azərbaycan EA-nın akademiki, tibb elmləri doktoru, professor, Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri İnstitutu oftalmologiya kafedrasının müdiri, Azərbaycan EA Fiziologiya İnstitutunun laboratoriya rəhbəri, Azərbaycanın Əməkdar elm xadimi, Tibb Elmləri Akademiyası mükafatı laureatı, Sülhü Müdafiə Komitəsinin üzvü, “Bilik” Cəmiyyəti Rəyasət Heyətinin üzvü Zərifə xanım Əliyeva tibb elminə və praktikasına, yüksək ixtisaslı tibbi kadrların hazırlanmasına əvəzsiz töhfələr vermişdir. Onun çoxcəhətli elmi fəaliyyətinin nəticələri 130 əsərdə, o cümlədən 5 monoqrafiyada, həkimlər üçün bir sıra dərs vəsaitlərində, sənayenin müxtəlif sahələrində göz zədələrinin profilaktikasına dair metodik tövsiyələrdə öz əksini tapmışdır. Kimya sənayəsində göz zədələnmələrinin öyrənilməsinə və praktikasına dair orijinal əsərlər silsiləsinə görə Tibb Elmləri Akademiyası onu akademik M.İ.Averbax adına mükafatla təltif etmişdir. Zərifə Əliyevanın Azərbaycan EA-nın akademiki seçilməsi onun böyük xidmətlərinin, çoxillik səmərəli elmi tədqiqat işinin etirafıdır.
Alimin elmi fəaliyyətinin istiqamətlərindən biri gözün oftalmoloji, histomikroskopik və histokimyəvi tədqiqinə həsr
edilmişdir. Bu istiqamətdə apardığı elmi-tədqiqat işlərinin
nəticələri onun “Yaşla əlaqədar gözün və görmə siniri yollarının dəyişməsi”, “Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası” adlı monoqrafiyalarında geniş və ətraflı şəkildə öz əksini tapmışdır.
Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın
müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb
elminin parlaq səhifəsidir. Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəst-xətti olan novator bir alim idi. Bu gün Azərbaycan qadınının xeyirxahlıq, Analıq simvoluna çevrilmiş akademik Zərifə xanım Əliyevanın həyat yolu alimləri sabaha inamla, gələcəyə ümidlə yaşamağa ruhlandırır.
Dünya oftalmologiya elminin tanınmış simaları Zərifə xanım Əliyevanın elmi fəaliyyətini, peşəkarlığını yüksək qiymətləndirmişdilər. Belə ki, Moskva Oftalmoloji Məktəbi
Zərifə xanımı oftalmologiyanın mirvarisi, professor A.Brovkina onu nəciblik və mənəvi paklıq timsalı adlandırmışdır. Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü M.M.Krasnov isə yazırdı: “Zərifə xanım Əliyeva haqqında xatirələrimi bir sözlə ifadə etməli olsaydım deyərdim: O, həm xeyirxah idi, həm ağıllı idi, həm də qüdrətli idi!” Zərifə xanım Əliyevanın fəxri adları, elmi titulları,
mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur və iftixar mənbəyidir. Lakin bu adlar sırasında ən şərəflisi Ana adıdır. Qeyri-adi bir ana olan Zərifə xanımın övladlarına münasibəti də xüsusi olub. Zərifə xanım Əliyeva cəmiyyət üçün böyük dəyərlərə malik övladlar tərbiyə etmişdir. Bu, onun fədakar ana olmasından irəli gəlirdi. O, nə edirdisə, böyük sevgi ilə edirdi. Onun sevgisinin gücü öz ailəsinin hüdudlarında dərindən və qabarıq duyulurdu:
Əziz anam, şirin sözlü anam,
Qəlbin kövrək, eşqin solmaz bahar.
Gülər üzlü, qara gözlü anam,
Hara getsəm gözün mənə baxar.
Ana qəlbin layla olar gəzər,
Doğma səsin ömrü-günü bəzər.
Müasirləri onun haqqında söz açarkən, nəcib bir Azərbaycan
qadını olduğunu vurğulayırlar. Zərifə xanım işinin gərginliyinə baxmayaraq həmişə bir qadın olaraq mülayimliyi, həssaslığı və insanlara mehriban yanaşması ilə seçilib. Ümumiyyətlə, Zərifə xanımın həyatı Azərbaycan qadınları üçün bir məktəbdir. Elə bir məktəbdir ki, uzun illər boyu öyrəniləcəkdir.
Zərifə xanım Əliyevanın adını çəkməklə ömrünün mənasını insanlara xidmətdə görən müdrik bir insan haqqında zəngin təsəvvür yaratmaq mümkündür. Bənzərsiz insan, səmimi, mehriban rəfiqə, sədaqətli həyat yoldaşı, cəfakeş ana.
Cəmiyyətdə böyük nüfuz və hörmət qazanmaq, minlərlə insanın sevimlisinə, hamisinə çevrilmək üçün tələb olunan bu keyfiyyətlər Zərifə xanımın şəxsiyyətini tamamlayırdı.
Cəfər Məmmədov
Saatlı şəhər C.Cabbarlı adına 3 nömrəli tam orta məktəbin direktoru
Subyekt.az