
11 mart 2025-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyanovska-Davkova mətbuata bəyanatlarla çıxış ediblər. Dövlətimizin başçısı çıxışında bildirib: “Biz ikitərəfli münasibətlərimizin inkişafı üçün fəal iş aparırıq. Şadam ki, ölkələrimiz arasında siyasi dialoq dinamik xarakter alır. Bizim xanım Prezidentlə ikinci görüşümüz qısa müddət ərzində bunun əyani sübutudur. Siyasi əlaqələrimizin inkişafı üçün əlavə tədbirlər görülməlidir, müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda olmalıdırlar. Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır. Əfsuslar olsun ki, bu günə qədər ticari-iqtisadi sahədə o qədər böyük nəticələr əldə edilməyib. Ancaq ümid edirəm ki, Sizin rəsmi səfərinizdən və nümayəndə heyətlərinin təmaslarından sonra biz bu boşluğu da dolduracağıq. Son ayların müsbət əlaməti də ondan ibarətdir ki, iki ölkə energetika sahəsində əməkdaşlığa başlamışdır. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılmışdır və bu, keçən ilin sonlarında baş verdi, bu il artıq müntəzəm olaraq Azərbaycan sizin bazarınızı təbii qazla təmin edəcəkdir. Gələcəkdə biz lazım olan həcmdə qaz təchizatını artıra bilərik. Avropa İttifaqı ilə imzalanmış enerji üzrə strateji tərəfdaşlıq bəyannaməsi də Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş kimi rolunu gücləndirir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq bizim üçün çox önəmlidir və bu praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracaq. Hər iki tərəf ticari-iqtisadi sahədə potensialın dəyərləndirilməsinin vacibliyini vurğulayır. Hazırda Azərbaycanda 5 Şimali Makedoniya investisiyalı kommersiya qurumu qeydiyyatdadır, onlardan 3-ü aktiv fəaliyyət göstərir. İki ölkə arasında sərmayələrin qarşılıqlı qorunması və ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı imzalanmış sazişlər bu istiqamətdə hüquqi bazanı formalaşdırır.Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlər 1995-ci ilin iyununda qurulub. Həmin ildə Azərbaycan Şimali Makedoniyanın müstəqilliyini tanıyıb. 2023-cü ildə Azərbaycanın Serbiyadakı səfiri, eyni zamanda, Şimali Makedoniyaya təyin olunub. Azərbaycan Şimali Makedoniya ilə münasibətlərin inkişafına əhəmiyyət verir və iki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi və humanitar sahələri əhatə edir.
Son illərdə iki ölkə arasında ticarət dövriyyəsi artıb, birgə iqtisadi layihələrə imza atılıb və investisiyaların təşviqi ilə bağlı razılaşmalar əldə edilib. Hazırda Azərbaycanda Şimali Makedoniya sərmayələri ilə fəaliyyət göstərən kommersiya qurumları mövcuddur. Bu, iqtisadi əməkdaşlığın təkcə kağız üzərində deyil, real biznes əlaqələri səviyyəsində də inkişaf etdiyini göstərir. İki ölkə arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında saziş 2013-cü ildə imzalanıb. Bu gün isə yeni layihələrin həyata keçirilməsi gündəmdədir.
Nicat İsmayılov
YAP Yasamal rayonu “Akim Abbasov küç.73 E” ünvanı üzrə ərazi partiya təşkilatının sədri
Subyekt.az